Məhkəmə qərarları › İş №3(036)-680/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-680/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-680/2024 30.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, Xəqani küçəsi, ev 14-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, İmişli Rayon Məhkəməsinin 3(036)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gündən müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol İmişli Rayon Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, İmişli Rayon Məhkəməsinin 3(036)- 136/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərarının qanuni qüvvəyə mindiyi andan 25 gün keçməsinə baxmayaraq borclu Şəxs 500 manat cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, o, əsas borcundan ödəniş edir. Lakin barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan 500 manat cəriməni ödəyə bilmir. Maddi imkanı aşağı olduğu üçün icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Hazırda o, işləmir və qazancı yoxdur. Çox çətinliklə dolanır. Borcunun çox olmasından heç bir ödəniş edə bilmir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş İmişli Məhkəməsinin 3(036)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-136/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(036)-136/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə sasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Beləliklə Məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, onun hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, yaşını, təqsirinin dərəcəsini nəzərə almalı, ona ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(036)-136/2024 nömrəli icra vərəqəsi üzrə icraata xitam verilsin. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar