Məhkəmə qərarları › İş №3(036)-754/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-754/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-754/2024 29.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, X1 iştirakı ilə, DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24158402 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24158402 nömrəli qərarı ilə X3 xx.xx.2024-cü il tarixdə, saat 14:16 radələrində “KİA RİO” minik markalı **-VM- *** dövlət nömrə nişanlı avtomobili idarə edərək İmişli şəhəri, H.Əliyev prospekti Bazarstorun qarşısında hərəkətdə olarkən üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib yol hərəkəti qaydaları əleyhinə heç bir inzibati xəta törətmədiyini göstərərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs X3 göstərmişdir ki, o, idarə etdiyi xx.xx.2024-cü il tarixdə, saat 14:16 radələrində “KİA RİO” minik markalı **-VM-*** dövlət nömrə nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti Bazarstorun qarşısında hərəkətdə olarkən xəttin tələbi pozulmamış, üfüqi nişanlanma xəttini kəsməmiş sola və geriyə dönməmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdilər.Həmin vaxt yol hərəkət qaydaları onun tərəfindən pozulmamışdır. O, Baş Dövlət Yol Polisi İdarəsinə görüntülərin əldə olunması ilə əlaqədar müraciət etmiş lakin heç bir nəticəsi olmamışdır. Ona görə də, 100 manat məbləğində cərimə olunması haqqında DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24158402 nömrəli qərarı ləğv edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli EQ 24158402 nömrəli «inzibati tənbeh vermə haqqında» qərarın surətinə əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 14:16 radələrində “KİA RİO” minik markalı **-VM-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək İmişli şəhəri, H.Əliyev prospekti Bazarstorun qarşısında hərəkətdə olarkən üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: ........... 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; .......... 81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta barədə icraat aparılarkən şikayətçiyə video görüntülərin surətləri təqdim edilməyərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.8-ci maddəsindəki hüquqları pozulmuşdur. Eyni zamandan həmin görüntülər inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, işdə olan xx.xx.2024-cü il tarixli EQ 24158402 nömrəli «inzibati tənbeh vermə haqqında» qərarın “inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatları” xanası doldurulmamış, texniki vasitə barədə məlumatlar qərarda göstərilməmişdir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. X2 şikayəti qismən təmin edilməli, DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24158402 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24158402 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar