Məhkəmə qərarları › İş №3(036)-788/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-788/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-788/2025 08.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, İmişli rayonu Rəsullu kəndində yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur və fəaliyyət sahəsində yanacaq doldurma məntəqəsi və istixana aiddir. Bundan əlavə onun sahibkarlıq fəaliyyəti daxilində sahibkar kimi qumçınqıl karxanası işlətməyinə dair hər hansı bir səlahiyyət verən sənədi də yoxdur. Həmçinin fiziki şəxs kimi də o, qum-çınqıl karxanası yaradıb qum-çınqıl çıxarmaqla məşğul deyildir. Buna baxmayaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsi onun guya hüquqmüəyyənedici sənəd olmadan yerin təkindən qanunsuz istifadə etməklə guya İmişli rayonunun Qaralar kəndi ərazisinə yaxın 42 (kub.metr çınqıl-qum qarışığının qanunsuz olaraq çıxarmağı barədə 14 mar 2025-ci il tarixli MN № ******* nömrəli qərar tərtib edilərək 3.150 manat məbləğində təbiətə dəymiş ziyan vurmağı, həmçinin Azərbaycar Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən fiziki şəxs kimi 800 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilməsi barədə qanunsuz qərar çıxarmışdır. 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında 14 mart 2025-ci il tarixli MN ******* nömrəli qərar çıxararkən heç bir inzibati araşdırma aparmadan, habelə izahatını almadan, həmçinin onun hüquqmüəyyənedici sənəd olmadan İmişli rayonunun Qaralar kəndi ərazisinə yaxın ərazidən qum-çınqıl çıxarmağını təsdiq edən hər hansı bir sübutu olmadan barəsində əsassız və qanunsuz qərar çıxarılmışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(036)-788/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Səlahiyyətli orqan - 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(036)- 788/2025 nömrəli qərarının ləğv edilməsini və X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli, 3(106)-414/2025 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(036)-788/2025 nömrəli qərarının ləğv olunması, qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün inzibati xəta haqqında iş üzrə icraat materiallarının yenidən İmişli Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili və nümayəndəsi Vəkil şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, İmişli rayonu, Qaralar kənd ərazisinə yaxın X3 tərəfindən heç bir hüquq müəyyənedici sənədi olmadan yer təkindən qanunsuz istifadə olunması faktı aşkar edilmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı X5 Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonda o, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edib, proses iştirakçısının izahatına və toplanmış sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İmişli rayonu, Qaralar kənd ərazisinə yaxın X2 tərəfindən heç bir hüquq müəyyənedici sənədi olmadan yer təkindən qanunsuz istifadə olunması faktı aşkar edilmişdir. Buna görə də X2 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 3150 (üç min yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibtai xəta haqqında xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş eyni tarixli aktdam görünür ki, İmişli rayonu, Qaralar kəndi yaxınlığında X2 tərəfindən hüquqmüəyyənedici sənəd olmadan yer təkindən qanunsuz istifadə edilməsi faktı aşkarlandı. İşdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3/3- 9872/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən İmişli rayonu, Rəsullu kəndi, Araz çayının sahili ərazisində monitorinq keçirilmiş və monitorinq zamanı Səlahət Qafarov tərəfindən mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan su fondu torpaqları katerqoriyasına aid təqribən 1,0 hektar ərazidə qum-çınqıl daşınması məqsədilə qazıntı işlərinin aparılması faktı aşkar edilmişdir. İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-53/2-572/2025 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “İmişli” qum-çınqıl yatağında Səlahət Qafarovun əvvəllər müxtəlif dövlərdə istismar apardığı sahədə monitorinq zamanı məlum oldu ki, istifadə olunmuş ərazinin torpaqayırma sənədləri yoxdur, ekoloji sənədləri və dağ-mədən ayırması aktı yoxdur, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin icazə sənədi yoxdur, karxana təhlükə potensialı obyekt kimi dövlət reyestrində qeydiyyatdan keçirilməyib, karxana ərazisində regional su meliorasiya xidmətinin balansında olan hər hansı suvarma şəbəkəsi, hidrotexniki qurğu müşahidə olunmadı, ərazinin ekoloji vəziyyətini pozmuş, Araz çayının strukturunu pozaraq məcrasının genişləndirmiş, sol sahil mühafizə zonası dağıdılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Səlahət Qafarov tərəfindən Azərbaycan Respublikası İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı X5 Təbii Sərvətlər İdarəsinin MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar