Məhkəmə qərarları › İş №3(036)-920/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-920/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-920/2023 13.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, tələbkar X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə İmişli rayonunun Cəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, İmişli rayonunun Cəfərli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(103)- 1081/2018 saylı icra sənədini üzrlü səbəblər olmadan icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(103)-1081/2018 saylı icra sənədi üzrə tələbkara olan borcundan bir qismini ödəmiş, qalan borcunu isə işdən çıxdığına görə ödəyə bilməmişdir. Tələbkardan ona olan borcunu ödəmək üçün 2 ay vaxt istəmiş, lakin tələbkər onunla razılaşmamışdır. İcra sənədi üzrə tələbkara olan borcunu ödəmək iqtidarında olmadığından icra məmurunun çağırışlarına gəlməmişdir. Maddi imkanı yaxşılaşdıqdan sonra icra sənədinin icrasını təmin edəcəkdir. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(103)-1081/2018 saylı qətnaməsinə əsasən Şəxs dələduzluq yolu ilə ona vurmuş olduğu ziyanın əvəzi olaraq 24.350 (iyirmi dörd min üç yüz əlli) manat məbləğində pul tutulub onun xeyrinə ödənilməlidir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin hökmünə biganə yanaşaraq ona vurmuş olduğu ziyanı ödəməkdən yayınır. Hazırda Şəxs ona təxminən 17000 manat məbləğində borcu qalıb. Odur ki, borclunun barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 izahat verərək göstərdi ki, borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(103)-1081/2018 saylı icra sənədinin icrası üçün heç bir təşəbbüs göstərməmiş, əksinə icra məmurunun çağırışlarına gəlməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun tələbkara xeyli miqdarda ödənilməyən borcu vardır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasından yayınmışdır. Bu səbəbdən də borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(103)-1081/2018 saylı icra sənədi ilə müəyyən olur ki, Şəxs 24350 manat məbləğində pul tutulub X1 ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlar ilə borcluya icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq ilə borcluya icra sənədinin icrasının təmin edilməsi barədə yenidən xəbərdarlıq edilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarxli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(103)-1081/2018 saylı icra sənədi üzrə borcun ödənilməsi barədə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etməmişdir. Ona görə də, Rüstəmli X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 13 sentyabr 2023-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar