Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-995/2023 07.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 19000 ABŞ dolları məbləğində vəsaiti 15 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 19000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixində hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İş materialları ilə müəyyən olur ki, Şəxs MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər Baş İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmişdir. “Satıcı” adlandırılacaq “X1” MMC və “Alıcı” adlandırılacaq Şəxs MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CN60/AB1 saylı müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunur ki, “Satıcı” binaların və tikinti mallarının satışı və daşınmasını öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilənin ümumi məbləği 19.000 (on doqquz min) ABŞ dolları təşkil edir. xx.xx.2021 nömrəli ödəniş tapşırığı ilə müəyyən olur ki, "xxxx" ASC vasitəsilə 19000 ABŞ dolları məbləğində vəsait Şəxs hesabına köçürülmüşdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 13002-01/59 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3 bəndinə uyğun olaraq xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin (Şəxs) adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır (inzibati xəta haqqında protokol tərtib olunduğu zaman qüvvədə olan redaksiyada). Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazararına Nəzarət Palatasına təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddə 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Maddə 18.5. bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə işin faktiki hallarina qiymət verərək hesab edir ki, Şəxs 19000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və valyuta vəsaitini geri qaytarmamışdır və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin aşağı həddində- inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq , məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN **********, hüquqi ünvan: İmişli şəhəri, P.Həsənov küçəsi, ev 112) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində-3800 ABŞ dolları məbləğində cərimə olunsun. İcra zamanı 3800 ABŞ dolları məbləğində cərimə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi nəzərə alınaraq hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-995/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-995/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver