Məhkəmə qərarları › İş №3(037)-100/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-100/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-100/2025 12.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, İsmayıllı şəhəri, V.Osmanov küçəsi, ev 3, mənzil 9-da qeydiyyatda olmaqla, İsmayıllı rayonu Qalınçaq kəndində yaşayan, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx X7 barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 12 mart 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən X8 barəsində Azərbaycan Respublikasının İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X8 01 mart 2025-ci il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində qanunsuz olaraq atası X5 məxsus “Huglü” markalı, 12 kalibrli, 14-A-4050 nömrəli, yivsiz lüləli ov tüfəngi vasitəsi ilə bir ədəd çöl quşu ovlamışdır. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, kənd ərazisində özlərinə məxsus göl vardır. Atası tez-tez onu gölə nəzarət etməyə göndərir. Həmin gün gölə baxmağa gedərkən, gölün ətrafında bir ədəd çöl quşunun ölü vəziyyətdə gölün ətrafında olduğunu görmüşdür. O, həmin quşu videoya çəkərək guya özü ovlamış kimi “tik-tok” səhifəsində paylaşmışdır. Ümumiyyətlə onun silahı yoxdur. Həmin tüfəng atasına məxsusdur və tüfəng sökülü vəziyyətdə olmuşdur. Polis əməkdaşları onun yaşadığı evə gəlmiş və tüfəngin sənədlərinin yoxlanılması adı ilə atasından almışlar. Polis şöbəsində ov edib-etməməsi soruşulduqa o, ov etmədiyi bildirmiş, sonradan ondan izahat alınaraq işinə kömək ediləcəyi bildirilərək imza etməsi tələb olunmuşdur. İzahatında nə yazılması ona məlum olmamışdır. O, heç bir ov etməmişdir. Polis əməkdaşları onu sadəcə “tik-tok” sosial şəbəkəsində paylaşım etdiyini əsas gətirmişdir. Həmin videonu maraqlı paylaşım olsun deyə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materialların əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AR Daxili İşlər Nazirliyi İsmayıllı rayon Polis X1 verilmiş 346/1 saylı şəhadətnamənin surətindən görünür ki, “Huglü” markalı, 12 kalibrli, 14-A-4050 nömrəli, yivsiz lüləli ov tüfəngi İsmayıllı rayonu Qalınçaq kəndində yaşayan X5 məxsusdur. İsmayıllı RPŞ-nin PPXB-nin polis baş leytenantı Elşən Bədəlov tərəfindən İsmayıllı RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik leytenantı Nicat Vəliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə “tik-tok” sosial şəbəkəsində İsmayıllı rayon Qalınçaq kənd sakini Şəxs özünə məxsus səhifəsində qanunsuz ov edərək paylaşım etməsini görmüş və həmin şəxs İsmayıllı RPŞ-nə dəvət edilmişdir. İsmayıllı RPŞ-nin PPXB-nin polis baş leytenantı Elşən Bədəlovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, X2 özünə məxsus “Huglü” markalı, 12 kalibrli, 14-A-4050 nömrəli, yivsiz lüləli ov tüfəngi götürülərək İsmayıllı RPŞ-nə gətirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi ov etmə faktının olub-olmamasını, yəni ov silahından istifadə edilib-edilməməsini, ovlanmış ov obyektinin olub-olmamasını, ərazinin ov üçün qadağan olunmuş ərazi olub-olmamasını və ya araşdırılması zəruri olan digər məsələləri aydınlaşdırmadan əsaslandırılmamış nəticəyə gələrək Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 “tik-tok” sosial şəbəkəsində ov etməsi ilə bağlı paylaşım etməsi onun ov qaydalarını pozması kimi qiymətləndirilə bilməz. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən iş materiallarına X3 ov qaydalarını pozmasını təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırkı işin materiallarından da göründüyü kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun əməlində İXM-in 272.3-cü maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmiş, X3 xx.xx.2025-ci il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində həqiqətən də ov edib-etməməsi aydınlaşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməsi və 1 (bir) ədəd “Huglü” markalı, 12 kalibrli, 14-A-4050 nömrəli, yivsiz lüləli ov tüfəngi sahibi X4 özünə qaytarılması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilsin. İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd “Huglü” markalı, 12 kalibrli, 14-A-4050 nömrəli, yivsiz lüləli ov tüfəngi sahibi X4 özünə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar