Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-106/2025 10.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, 22 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, Ruslan Bədəlov küçəsi 61də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 mart 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-764/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş 06 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 9474 (doqquz min dörd yüz yetmiş dörd yüz yetmiş dörd) manat 14 qəpik məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi qət olunmuşdur. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 9124 (doqquz min yüz iyirmi dörd) manat 14 qəpik pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 mart 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, Şəxs dəfələrlə şöbəyə dəvət olunmuş və borc məbləği ondan tələb olunmuşdur. Lakin heç bir məbləğdə ödəniş etməmiş və maddi imkanının olmadığını bildirmişdir. Yalnız Şəxs işlədiyi müddət ərzində əmək haqqından 350 (üç yüz əlli) manat məbləğində tutulma olmuşdur. Şəxs vaxt verilsə belə borcundan ödəniş etməyəcəkdir. Çünki dəfələrlə ona bankın nümayəndəsinin razılığı ilə borcun hər ay hissə-hissə ödənilməsi təklif olunmuşdur. Buna baxmayaraq sonda Şəxs telefon zənglərinə də, cavab verməmiş və çağırışdan yayındığı üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Bu gün polis vasitəsi ilə şöbəyə gətirilmiş və borc məbləğini ödəmədiyi üçün barəsində protokol tərtib olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, rəsmi iş yeri olmadığı üçün borc məbləğindən ödəniş edə bilməmişdir. İşdən çıxması isə borcun ödənilməsindən yayınması üçün olmamışdır. Çünki işdən çıxdıqdan sonra yeni iş tapmaq üçün Məşğulluq İdarəsinə müraciət etmişdir. Həmin krediti müalicələri üçün götürmüş və hazırda da müalicə olunur. Bankın əməkdaşı onunla əlaqə saxladıqda borc məbləğindən 5000 (beş min0 manat ödəniş edilməsi tələb olunmuşdur. Həmin məbləği tam şəkildə ödəmək iqtidarında olmamışdır. Rəsmi iş yeri olmadığı üçün borcun ödəniş edə bilmir. Bir neçə müddət vaxt verilərsə borcundan hissə-hissə ödəniş edə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 9474 (doqquz min dörd yüz yetmiş dörd yüz yetmiş dörd) manat 14 qəpik məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi qət olunmuşdur. Şəxs rəsmi işlədiyi müddət ərzində əmək haqqısına yönəlmə olmuş və bir ay müddətində 350 (üç yüz əlli) manat tutulma olmuşdur. Bundan sonra Şəxs işdən çıxmışdır. Bu da, onun borcun ödənilməsindən boyun qaçırması kimi qiymətləndirilir. Sonradan Şəxs rəsmi olaraq başqa yerdə işə qəbul olunmuş və yenidən əmək haqqıa yönəlmə olsa da, iki ay müddətində heç bir tutula aparılmamışdır. Sonradan Şəxs həmin işdən də çıxmışdır. Dəfələrlə bankın əməkdaşı Şəxs ilə əlaqə saxlamış və ona hər ay maddi imkanı daxilində ödənişlər etməsi təklif olunmuşdur. Lakin buna baxmayaraq ötən müddət ərzində heç bir məbləğdə ödəniş olunmamışdır. Şəxs borcundan 1000 (min) manat məbləğində ödəniş edərsə ona bir neçə gün müddətində vaxt verilməsinə razı olarlar. Əks halda ona vaxt verilməsini istəmir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 10 mart 2025-ci il tarixli arayışından görünür ki, borclu Şəxs icra vərəqəsi üzrə 9124 (doqquz min yüz iyirmi dörd) manat 14 qəpik məbləğində borcun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmiş və çağırışa gəlməmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Bəbirova X1 Rayon Məhkəməsinin e-2(037)-764/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş 06 dekabr 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmiş və qətnamənin icrasını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-106/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-106/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver