Məhkəmə qərarları › İş №3(037)-113/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-113/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-113/2022 25.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1962-ci il tarixdə İsmayıllı rayonu Şəbyan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil olmaqla sosial müavinət alan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 25 fevral 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 25 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ruslan Şirvanov izahatında göstərdi ki, Şəxs 25 fevral 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşları ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi faktı ilə bağlı araşdırma aparılmış və əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olduğundan həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Şəbiyan kəndində yaşayır. Qanunsuz ət kəsdiyi üçün 25 fevral 2022-ci il tarixdə rayon polis şöbəsinə dəvət olunmuşdur. Şöbənin qarşısında olarkən polis serjantı ona yaxınlaşaraq niyə qanunsuz ət kəsdiyini soruşmuş və o, serjanta “sənlik deyil” deyə cavab vermişdir. Sonra qida təhlükəsizlik agentliyinin əməkdaşlarına yaxınlaşmaq istədikdə oraya digər polis əməkdaşı gəlmiş və ona şöbənin həyətindən çıxmağını tələb etmişdir. O, əməkdaşlarla görüşmək istədiyini bildirdikdə polis serjantı onun qolundan tutaraq şöbənin binasına aparmışdır. Sonradan onun barəsində protokol tərtib etmişlər. O, tərtib olunmuş protokolla razı deyil. O, ağ ciyər xərçəngidir və mütəmadi olaraq müalicə alır. Belə ki, həmin vaxt əsəbi halda olsa da, polis əməkdaşlarına qarşı hər hansı təhqiramiz ifadə işlətməmiş, ünvansız nalayiq ifadələr işlətməmiş və ictimai qaydanı pozmamışdır. Onun barəsində qeyd olunanlar şər və böhtandır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X4 Patrul Xidməti bölüyünün polis nəfəri Şahid1 izahat verərək göstərdi ki, 25 fevral 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında 1 №-li postda xidmətdə olarkən sonradan adını bildiyi Rüstəm adlı şəxs şöbənin qarşısına yaxınlaşdı. Həmin şəxsdən nə səbəbə gəldiyini soruşduqda “sənlik deyil” deyə ona cavab vermişdir. Rüstəm şöbənin həyətində olan qida təhlükəsizlik agentliyinin əməkdaşlarını görüb onlara yaxınlaşmaq istədi. O, Rüstəmə gözləməsini bildirdikdə, Rüstəm əsəbi halda onunla mübahisə etdi. Həmin vaxt digər polis əməkdaşı Şahid2 oraya yaxınlaşaraq Rüstəmi sakitləşdirməyə çalışmışdır. Lakin Rüstəm ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı və polisin iş rejimini pozmuşdur. Bundan sonra Şahid2 Rüstəmi şöbəyə dəvət etmiş və o, bu barədə raportla müraciət etmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X4 Patrul Xidməti bölüyünün polis nəfəri Şahid2 da Şahid1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 25 fevral 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasının önündə, 1 №-li postun qarşısında ucadan nalayiq ifadələr işlətdiyi göstərilmişdir. Lakin, həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Şəxs 25 fevral 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşı ilə söz mübahisəsi olsa da, həmin vaxt ucadan nalayiq ifadələr işlətməmiş, polisin iş rejimini pozmamış və ictimai qaydanın pozulması ilə müşayiət olan hər hansı hərəkət törətməmişdir. Şəxs ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar