Məhkəmə qərarları › İş №3(037)-12/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-12/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-12/2025 27.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “Nur” gözəllik salonunu işlədir və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Gözəllik salonunda qadınların, gəlinlərin bəzədilməsi, saç, dırnaq düzəldilməsi, qaş, üz tüklərinin təmizdənməsi, və lazer üsulu ilə epilyasiya fəaliyyəti göstərilir. Epilyasiya fəaliyyəti dedikdə dəri səthində olan artıq tüklərin şüa vasitəsi ilə təsir edərək təmizlənməsi və onların kökünün zamanla bitməsinin əngəlləməsi vasitəsidir. Yəni qadınlar üz nahiyələrində bitən artıq saydıqları tükləri həmin vasitə ilə təmizləyərək özlərini rahat hiss edirlər. 08 aprel 2024-ci il tarixdə Azərbaycan Respublikası İN DVXnin əməkdaşları gözəllik salonunda baxış keçirdilər və həmin vaxt müştəriyə çek verilmədiyi üçün fərdi sahibkar kimi 1000 manat cərimə olunmuşdur. Həmin cərimə bank hesabımıza yükləndi və oradan tutularaq müvafiq hesaba köçürülmüşdür. 28 dekabr 2024-ci il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən telefon vasitəsi ilə bildiriş daxil oldu ki, onun haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsində cərimə ilə əlaqədar icra işi başlanması haqqında qərar qəbul edilmişdir. O, işlə maraqlanmaq üçün 10 yanvar 2025-ci il tarixdə faktiki yaşadığı Bakı şəhərindən İsmayıllı rayonuna gəlmiş, İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən ona bildirdilər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 may 2024-ci il tarixli MN ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə, yəni Lisenziya olmadan özəl tibbi fəaliyyətlə ilə məşğul olduğu üçün 5000 (büç min) manat cərimə olunmuşdur. O, bu qərardan 10 yanvar 2025- i il tarixdə xəbər tutmuşdur. Həmin qərarı qanunsuz və əsassız sayır, ona görə də qərarın-ləğv olunması üçün məhkəməyə şikayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində göstərilir ki, '‘Lisenziya olmadan özəl tibbi fəaliyyəti ilə və ya əczaçılıqla məşğul olma" Yuxarıda göstərdiyi kimi işlətdiyi “Nur" gözəllik salonu müraciət edən şəxslərin, gəlin bəzədilməsi, qaş alınması, dirnaq düzəldilməsi laklanması, epilyasiya-yəni artıq tüklərin təmizlənməsi, müştərilərin istəklərinə uyğun sair fəaliyyətlə məşqul olur. Bütün ölkəmizdə fəaliyyət göstərən və yaşadığı İsmayıllı rayonunda fəaliyyət göstərən gözəllik salonları lisenziyasız fəaliyyət göstərir və bu fəaliyyət növü üçün qanunla lisenziya tələb olunmur. Gözəllik salonunda tibbi və ya əczaçılıq fəaliyyəti göstərilmir və ümumiyyətlə belə bir fəaliyyətlə gözəllik salonları heç bir yerdə məşğul olmurlar. Onlar heç bir vaxt nə qeyd olun zamanda və ya indi gözəllik salonunda tibbi fəaliyyətlə məşğul olmamışdır. Ona görə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 may 2024-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Pərvin Kərimovanın barəsində tərtib olunmuş protokoldan, həmçinin protokola baxılması vaxtı və yeri barədə məlumatı olmamışdır. X4 iştirakı və məlumatı olmadan baxılaraq inzibati qaydada tənbeh edilmişdir. Pərvin Kərimovanın hmin qərardan yalnız İsmayıllı rayon İcra və Probasiya şöbəsinə dəvət olunduqdan sonra məlumatı olmuşdur. Bütün bunlara görə həmin qərarı qanunsuz və əsassız hesab edir və qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 01 may 2024-cü il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, 08 aprel 2024-cü il tarixində ünvan 2 ünvanında yerləşən “Nur” gözəllik salonunda lisenziya olmadan özəl tibbi fəaliyyət (kosmetoloji və lazer epilyasiyası) göstərməsi aşkar edilmiş və Pərvin Kərimova AR İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında X3 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamış və araşdırma aparılarkən heç bir mötəbər sübutla və ya sübutlarla möhkəmləndirilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın X5 tərəfindən törədilib-törətməməsi hər hansı bir əsasın olubolmamasını müəyyən etmədən, onun barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edildi ki, inzibati orqanın vəzifəli şəxsi işə baxarkən barəsində inzibati qaydada icraat aparılan şəxsin iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. maddəsinə əsasən izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Pərvin Kərimovanın işlətdiyi “Nur” gözəllik salonunda lisenziya olmadan özəl tibbi fəaliyyəti göstərməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq Pərvin Kərimovaya bildirişin göndərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, həmin X4 məlumatı və iştirakı olmadan tərtib olunmuşdur. Tərtib olunmuş protokolun surətinin göndərilməsini və Pərvin Kərimova tərəfindən qəbul edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Onun barəsində tərtib olunmuş protokola baxılması vaxtı və yeri barədə məlumatı olmamış, protokola onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. Bu da pərvin Kərimovanın qeyd olunan hüquqlardan istifadə etməsinə maneçilik törətmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər; özəl tibbi fəaliyyətqanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxş yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi; özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxş yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət; özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi; tibbi yardım - xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası diaqnostikası, və xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi; tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım Qanunun əsas anlayışlar kimi ifadə olunmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş materiallarında olan materiallar əsasında baxaraq müəyyən edir ki, inzibati orqan öz qərarında X3 ünvan 3 ünvanında yerləşən “Nur” gözəllik salonunda lisenziyası olmadan özəl tibbi fəaliyyətlə məşğul olmaqla qanun pozuntusuna yol verdiyini göstərsə də, inzibati xətanın törədildiyi tarixdə X1 olub-olmamasını, lazer epilyasiyasının tibbi xidmətinin həmin vaxt aparılıb-aparılmamasını, lazer aparatının xidmət üçün yararlı olub-olmamasını müəyyən etməmiş, bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Pərvin Kərimovanın hüquq və vəzifələri ona izah edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə hesab edir ki, sübut kimi təqdim edilmiş foto-şəkillərin həmin salona aid olub-olmaması məsələsi, həmçinin salonda yoxlama aparıldığı vaxtda lazer fəaliyyəti ilə bağlı xidmətlərin göstərilib-göstərilməməsi məsələsi araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X5 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar