Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-121/2024 05.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X7 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 və onun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1956-cı il tarixdə İsmayıllı rayonu Qalacıq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, fərdi identifikasiya nömrəsi xxxxxxx X8 barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 05 mart 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2 (037) – 1853/2016 saylı qətnaməsi üzrə verilmiş 06 mart 2017-ci il tarixli icra vərəqəsinə əsasən X5 İsmayıllı rayonu Qalacıq kəndində yerləşən, X11 faktiki mülkiyyətində olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Qızılgül Hacıyeva həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və X5 qeyd olunan fərdi yaşayış evinə köçürülməsinə mane olmasına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 01 mart 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, qeyd olunan icra vərəqəsinin icrası ilə əlaqədar dəfələrlə həmin fərdi yaşayış evində olmuş, lakin Qızılgül Hacıyeva israrla Sitarə Hacıyevanın həmin evə köçürülməsinə maneçilik törətmişdir. Belə ki, Qızılgül Hacıyeva icra tədbirləri zamanı bir neçə dəfə qapını bağlamış, onları içəri buraxmamış, Sitarə Hacıyevanı həmin evə buraxmayacağını bildirmişdir. Bundan başqa Qızılgül Hacıyeva çağırışlara gəlməmiş və onun məcburi gətirilməsi barədə məhkəmə qərarı qəbul edilmişdir. Sonuncu dəfə 29 fevral 2024-cü il tarixdə yenidən qeyd olunan ünvanda olmuş, lakin Qızılgül Hacıyeva yenidən qapını bağlayaraq onları içəri buraxmamışdır. Həmin vaxt Qızılgül Hacıyevanın qardaşı gəlmiş və 01 mart 2024-cü il tarixdə şöbəyə gələcəklərini bildirmişdir. 01 mart 2024-cü il tarixdə Qızılgül Hacıyeva şöbəyə gəlmiş və izahatı alınarkən yenidən qətnaməni icra etməyəcəyini bildirmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunan protokola baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qızılgül Hacıyeva izahat verərək göstərdi ki, Sitarənin həmin evə köçürülməsinə icazə vermir. Sitarənin həmin nikahdan uşağı olmayıb və öz istəyi ilə evdən çıxıb gedib. Həmin ev ata babasının evidir. Babasının dörd qızı var, heç ona həmin evdən pay düşmür. Sitarənin həmin evə köçürülməsinə icazə verməyəcək. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X10 izahat verərək göstərdi ki, o, tək yaşayır və heç kimi yoxdur. 2014-cü il tarixdən sonra qalacaq yeri yoxdur. Qətnamə uzun illərdi icra olunmur. Qətnamənin icra olunmasını və onun evə köçürülməsinin təmin edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2023 və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2 (037) – 1853/2016 saylı qətnaməsi üzrə verilmiş 06 mart 2017-ci il tarixli icra vərəqəsinin icrası zamanı X8 icra tədbirlərinin keçirilməsinə mane olmuşdur. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 01 mart 2024-cü il tarixli arayışından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2 (037) – 1853/2016 saylı qətnaməsi üzrə verilmiş 06 mart 2017-ci il tarixli icra vərəqəsinin X2 rayonu Qalacıq kəndində yerləşən X11 faktiki mülkiyyətində olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair hissədə dəfələrlə qeyd olunan ünvanda olmuş, borclu X8 tələbkar X5 qeyd olunan evə köçürülməsinə maneçilik etmiş və icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etməmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək hesab edir ki, X8 icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2 (037) – 1853/2016 saylı qətnaməsi üzrə verilmiş 06 mart 2017-ci il tarixli icra vərəqəsinin X2 rayonu Qalacıq kəndində yerləşən X11 faktiki mülkiyyətində olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair hissədə icra məmuru tərəfindən bir neçə dəfə icra tədbirləri keçirilməsinə baxmayaraq, X15 Hacıyevanın həmin evə köçürülməsinə maneçilik törətmişdir. X14 məhkəmə iclasında verdiyi izahatında Sitarə Hacıyevanın həmin evə köçürülməsinə icazə verməyəcəyini və qətnaməni icra etməyəcəyini bildirmişdir. Göründüyü kimi X8 qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, X4 təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. X8 tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6- cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə X8 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, ahıl yaşda olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-121/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-121/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver