Məhkəmə qərarları › İş №3(037)-14/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-14/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-14/2021 26.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, xx xxx 1979-cu il tarixdə İsmayıllı rayonu, Lahıc qəsəbəsində anadan olmuş, həmin qəsəbədə yaşayan Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edib özündə saxladığı 1 (bir) ədəd “İj-18” markalı, tək lüləli, E09963 nömrəli, yivsiz lüləli ov tüfənginin İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Lahıc qəsəbəsi ərazisində onun idarə etdiyi avtomobildən aşkar olunması faktı üzrə barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “İj-18” markalı, tək lüləli, E09963 nömrəli, yivsiz lüləli ov silahını özündə saxlamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini, “İj-18” markalı, tək lüləli, E09963 nömrəli, yivsiz lüləli ov tüfənginin müsadirə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 43, 106-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib “İj-18” markalı, tək lüləli, E09963 nömrəli, yivsiz lüləli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar