Məhkəmə qərarları › İş №3(037)-143/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-143/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-143/2021 22.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1987-ci il tarixdə İsmayıllı rayonu Şəbiyan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxx 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin (020-28) 164 “Qaynar xətt” nə bir neçə dəfə zəng edərək İsmayıllı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərini nalayiq ifadələrlə təhqir etməsi,onların şərəf və ləyaqətlərinə ləkə gətirən ifadələr işlətməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx xxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu Şəbiyan kəndində yaşayır. Səhətində olan problemlərlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının adına maddi yardımla bağlı müraciət məktubu göndərmişdir. Lakin məktubu ilə bağlı ona heç bir cavab verilməmişdir. O, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı əvvəlcədən tanıdığı Nazim Səfərovla bir neçə dəfə rayon icra hakimiyyətinin qarşısında görüşərək səhətində olan problemləri bildirərək onu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdürməsini xahiş etmişdir. X6 İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdürməmişdir. Yazdığı məktuba cavab verilmədiyindən və onu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdürmədiklərindən xx xxxxx 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin 164 “Qaynar Xətt” nə zəng edərək yazdığı məktuba cavab verilməməsini bildirərək rayon icra hakimiyyəti başçısının onu qəbul etməsini xahiş etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətindən ona karantin rejimi ilə əlaqədar olaraq vətəndaşların qəbulunun müvəqqəti olaraq dayandırılması bildirilmişdir. Səhətində olan problemi bildirərək yazdığı məktuba tez cavab verilməsini və onu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdürməsini xahiş etmişdir. Lakin növbətçi onu sonadək dinləmədən dəstəyi yerə qoymuşdur. Növbətçinin hərəkətindən əsəbləşərək həmin nömrəyə təkrar zəng edərək növbətçiyə nə üçün onu sonadək dinləmədən dəstəyi yerə qoyması və vətəndaşa hörmətsizlik etməsi barədə öz iradını bildirmişdir. Həmin vaxtdan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin 164 “Qaynar Xətt” nə zəng etməmişdir. İsmayıllı Rayon İcra Hakimiyyətinin işçilərinin ona qarşı etdikləri şikayət əsassızdır. O, İsmayıllı Rayon İcra Hakimiyyətinin 164 “Qaynar Xətt” nə zəng edərək növbətçi ilə danışarkən İsmayıllı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin ünvanına təhqiramiz ifadələr işlətməmiş və onları təhqir etməmişdir. Əgər onun telefonda rayon icra hakimiyyətinin vəzifəli şəxslərini təhqir etməsini təsdiq edən səs yazıları olarsa məhkəmə tərəfindən veriləcək istənilən cəza ilə razıdır. O, İsmayıllı Rayon İcra Hakimiyyətinin 164 “Qaynar xətt” nə zəng edərək növbətçi ilə danışarkən məmurların vətəndaşları qəbul edərək problemləri barədə maraqlanmalarını və qarğış formasında səhətində olan problemlərə köməklik göstərmədiklərindən onların da balalarının onun dərdinə düşmələrini arzu etdiyini bildirmişdir. İzahatında qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X2 izahat verərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində növbətçi olarkən İsmayıllı rayon Şəbiyan kənd sakini İbrahimov X1 rayon İcra Hakimiyyətinin (020-28) 164 “Qaynar xətt” nə bir neçə dəfə zəng edərək rayon rəhbərliyini nalayiq ifadələrlə təhqir etmişdir. O, İsmayıllı rayon İcra Hakimiyyətinin (020-28) 164 “Qaynar xətt”nə zəng etmiş Şəxs telefonda dövlət qulluqçusuna yaraşan şəkildə intizamlı olmağa və etik davranışa əməl etməyə dəvət etsə də, Şəxs onun sözlərinə məhəl qoymayaraq nalayiq ifadələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərini təhqir etməyə davam etmişdir. Bundan əlavə Şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin (020-28) 164 “Qaynar xətt”nə bir neçə dəfə zəng edərək onu növbətçi kimi əvəz etmiş Asəf Musayevlə və “qaynar xətt”ə cavab vermiş İcra Hakimiyyətinin xanım işçiləri ilə telefonda danışarkən nalayiq ifadələr işlədərək rayon rəhbərliyini təhqir etmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 izahat verərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə İsmayıllı rayon Şəbiyan kənd sakini Şəxs ilə telefonda danışmasa da İsmayıllı rayon İcra Hakimiyyətində növbətçi olmuş şəxslərdən eşitmişdir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin (020-28) 164 “Qaynar xətt” nə bir neçə dəfə zəng edərək rayon rəhbərliyini nalayiq ifadələrlə təhqir etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 izahat verərək göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində növbətçi olarkən İsmayıllı rayon Şəbiyan kənd sakini İbrahimov X1 rayon İcra Hakimiyyətinin (020-28) 164 “Qaynar xətt”nə zəng edərək telefonda onunla narazı şəkildə danışaraq rayon rəhbərliyini nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx xxxxx 2021-ci il tarixdə İsmayıllı rayon Şəbiyan kənd sakini İbrahimov X1 Rayon İcra Hakimiyyətinin (020-28) 164 “Qaynar xətt” nə bir neçə dəfə zəng edərək növbətçilər Bəhruz Xələfov və Asəf Musayevdən onu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdürmələrini tələb etmiş və telefonda İsmayıllı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin ünvanına təhqiramiz ifadələr işlədərək onları nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, onun ikinci qrup əlil olmasını,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filiyalının İsmayıllı rayon qəbul şöbəsinin xx xxxxx 2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Şəbiyan kənd sakini Şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filiyalında ümumi səbəbdən xx.xx.2021ci il tarixədək İİ qrup əlil olmaqla 130 (bir yüz otuz) manat sosial müavinət alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi,inzibati cərimənin 100 (bir yüz) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar