Məhkəmə qərarları › İş №3(037)-15/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-15/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-15/2023 18.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1987-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu Cülyan kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 18 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Maxsudov Orxan Məhəmməd oğlunun 09 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində İsmayıllı rayonu Cülyan kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Qoşqar Aslanlının 19 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Nicat Mustafayev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 18 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində Cülyan kənd ərazisində Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 2020-ci ildə həmkəndlisi Zərərçəkmiş şəxs üçün yaşadığı Cülyan kəndində əmiləri ilə birlikdə usta olaraq ev tikib təhvil vermişlər. 2021-ci il tarixdə yenidən Qurban onlara başqa evin tikilməsini təklif etmişdir. Həmin vaxt evin qiymətinin köhnə tikiliyə nisbətən fərqli olduğunu bildirmişlər və Qurbanda buna razılaşmış, evi tikərək ona təhvil vermişlər. Buna baxmayaraq iş bitdikdən sonra Qurban onların pulunu kəsmiş və hazırki günədək borcunu verməmişdir. Bununla bağlı bir neçə dəfə borcunu istəsə də, Qurban pulunun olduğunu lakin, onlara həmin pulu verməyəcəyini bildirmişdir. 2022-ci ilin dekabr ayında Qurban onun mobil telefonuna zəng edərək nalayiq ifadələr işlətmişdir. 09 dekabr 2022-ci il tarixdə kənd ərazisində olan hüzur mərasimindən çıxarkən Qurbanla rastlaşmış və Qurbandan telefonda söydüyü söyüşə görə üzr istəməsini tələb etmişdir. Buna baxmayaraq Qurban ondan üzr istəməmişdir. O, Qurbanın söydüyü söyüşü xatırlamış və özünü saxlaya bilməyərək onun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. Hazırda Qurbanla barışmamışdır. Himayəsində iki azyaşlı övladı vardır. Bundan başqa atası ankoloji xəstədir və mütəmadi müalicə alır. Hazırda əməlindən peşmandır. Bütün bunları nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 3 il bundan öncə həmkəndlisi Şəxs onun həyətində usta işləmişdir. Həmin vaxtdan Orxan ona borcu olduğunu iddia edir. Bununla bağlı bir neçə dəfə Orxanla aralarında mübahisələri olmuşdur. Sonuncu dəfə 09 dekabr 2022-ci il tarixdə kənd ərazisində olan hüzur mərasimindən çıxarkən Orxan onu yolda gözləmiş və yanına çağırmışdır. Orxanın yanına getdikdə aralarında mübahisə yaranmış və Orxan onun sifətindən yumruqla vurmuşdur. Aldığı zərbədən sonra burnundan qan açılmış və üzünü tutaraq yerə oturmuşdur. Bundan sonra Orxan onun başından bir neçə dəfə yumruqla vurmuşdur. Hazırda Orxanı bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X3 671 №-li 12 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – burun belinin səthi yarası və qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 09 dekabr 2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon X4 Bölməsinin təhqiqatçısı Qoşqar aslanlının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti onların hər biri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Maxsudov Orxan Məhəmməd oğlunun 09 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində İsmayıllı rayonu Cülyan kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 350 (üç yüz əlli) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar