Məhkəmə qərarları › İş №3(037)-158/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-158/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-158/2022 25.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx xxxx 1968-ci il tarixdə Şəki rayonu Qoxmuq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 25 aprel 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 23 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Qaraməryam-İsmayıllı- Şəki yolunun 36-cı km-də xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, 23 aprel 2022-ci il tarixdə yol patrul xidməti inspektoru X4 rayon Polis Şöbəsinə müraciət edərək İsmayıllı-Şəki yolunun 36-cı km-də bir nəfər şəxsin tabesizlik göstərməsi barədə məlumat vermişdir. Məlumat əsasında həmin əraziyə post patrul xidməti əməkdaşları getmiş və sonradan şəxsiyyəti məlum olan Şəxs rayon polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində Şəxs izahatı alınmış və bundan sonra tərəfindən Elman Süleymnov barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 23 aprel 2022-ci il tarixdə qohumu Nicat Daşdəmirovun idarə etdiyi avtomobillə Bakı şəhərindən Şəki şəhərinə gedərkən yolda yol patrul xidməti əməkdaşı onların avtomobilinə saxla işarəsi vermişdir. Nicat avtomobili saxlamış və yerə düşmüşdür. Bir qədər sonra o da avtomobildən düşmüş və polis əməkdaşına yaxınlaşmışdır. Polis əməkdaşı Nicata törətdiyi xətanı izah etmiş və Nicat həmin xətanı törətmədiyini bildirmişdir. Bu zaman o, polis əməkdaşına görüntü təqdim etməsini xahiş etmişdir. Polis əməkdaşı görüntünü təqdim edə bilməyəcəyini bildirmişdir. O, həmin vaxt polis əməkdaşına kamera görüntüsünün olmadığını və mikrofonunun işləmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşı ilə söz mübahisələri olmuşdur. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş və bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşı həmin əraziyə post patrul xidməti əməkdaşlarını dəvət etmişdir. Digər polis əməkdaşları həmin əraziyə gəlmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis şöbəsinə getmişdir. Polis şöbəsində izahatı alınmış və sonra polis şöbəsindən çıxaraq yaşadığı evə getmişdir. 25 aprel 2022-ci il tarixdə yenidən polis şöbəsinə dəvət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, həmin vaxt polis əməkdaşı ilə aralarında söz mübahisəsi olsa da, polis əməkdaşının qanuni tələblərinə tabesizlik göstərməmiş, polis şöbəsinə dəvət olunarkən heç bir etirazı olmamış və hər hansı inzibati xəta törətməmişdir. Yalnız polis əməkdaşından israrla görüntü tələb etdiyi üçün aralarında söz mübahisəsi olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən Yol Patrul Xidməti Alayı 4-cü Tağımının yol patrul xidməti inspektoru polis baş serjantı Rasim Muradov izahatında göstərdi ki, 22 aprel 2022-ci il tarixdə Qaraməryam-İsmayıllı-Şəki yolunun 36-cı km-də xidmət apararkən “Mercedes Benz” markalı ** ZD *** nömrəli avtomobil ötmə qaydalarını pozduğu üçün tərəfindən saxlanılmışdır. Sürücüyə özünü təqdim etdikdən sonra törətdiyi xətanı ona izah etmişdir. Bu zaman avtomobildə sərnişin qismində əyləşmiş bir nəfər şəxs avtomobildən düşərək səs-küy salmağa başladı. Həmin şəxs israrla ondan video görüntü təqdim etməsini tələb etdi. Həmin şəxsi nizam-intizama dəvət edərək avtomobildə əyləşməsini xahiş etmişdir. Buna baxmayaraq həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək onunla mübahisə etməyə davam etmişdir. Həmin şəxs sonradan şəxsiyyəti məlum olan Şəxs onun iş fəaliyyətini pozmaqla və polisin qanuni tələblərinə tabe olmadığı üçün əraziyə post-patrul xidməti əməkdaşlarını dəvət etmişdir. Həmin əraziyə polis əməkdaşları gəlmiş və Şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Elman buna etiraz etməyərək polis şöbəsinə getmişdir. Polis şöbəsində izahatları alınmış və bundan sonra Elman şöbədən çıxıb getmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 23 aprel 2022-ci il tarixdə Qaraməryam-İsmayıllı-Şəki yolunun 36-cı km-də xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələbinə tabe olmaması göstərilmişdir. İş materiallarında əlavə edilmiş video yazıdan da görünür ki, Şəxs 22 aprel 2022-ci il tarixdə Qaraməryam-İsmayıllı-Şəki yolunun 36-cı km-də polis əməkdaşı ilə söz mübahisəsi etsə də, polis əməkdaşının xidməti vəzifəsini icra edərkən onun iş rejimini pozmamış və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması kimi hər hansı hərəkət törətməmişdir. Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar