Məhkəmə qərarları › İş №3(037)-159/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-159/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-159/2025 29.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon Prokurorluğunun nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil, X1 iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 23-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 29 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 17 fevral 2025-ci il tarixdə İsmayıllı rayon Məhkəməsinin inzibati binasında olan məhkəmə iclas zalında keçmiş arvadı X2 dartıb yerə yıxaraq sonuncuya xəsarət yetirməsi faktı üzrə İsmayıllı rayon prokuroru 16 aprel 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Prokurorluğunun nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, 17 fevral 2025-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş məhkəmə iclası bitdikdən sonra Şəxs keçmiş arvadı X2 tutaraq onu yerə yıxmış və bununla da, o, AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, bir neçə müddətdir əsəb xəstəsidir və hazırda da müalicə alır. Boşandıqdan sonra uşaqları ilə ünsiyyət saxlaya bilmir və buna görə də sarsıntı keçirir. Onun əsəblərinin pozulmasına səbəb Nərminin ona xəyanət etməsi və ailəsinin dağılması olmuşdur. O, iki dəfə Şəki Psixiatriya mərkəzində müalicə almışdır. Həmin tarixdə həbs olunarkən Nərmin ona baxaraq gülmüş və bu da əsəblərinə toxunmuşdur. Özündən aşlı olmayaraq Nərminin saçından tutaraq dartmışdır. Hazırda onlar barışmamışdır. Əməlindən peşman olsa da, həmin xətanı törətməsinə səbəb Nərminin ona gülərək acıq verməsi olmuşdur. Əsəb xəstəliyindən əziyyət çəkməsi və 70 manat məbləğində hər ay aliment ödəməsi nəzərə alınaraq ona cərimə növündə tənbeh verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs məhkəmə iclas zalında onun saçından tutaraq yerə yıxmış və həmin vaxt polis əməkdaşları Şahini güclə ondan uzaqlaşdırmışlar. Hazırda Şəxs bağışlamamış və onunla barışmamışdır. Odur ki, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4 34 №-li xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində aşkar edilmiş xəsarət –təpə-ənsə nahiyyəsinin hematoma fonunda qançırı küt əşya (alət) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş 07 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün zəruri sənədlərin surətləri ilə birgə İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 17 fevral 2025-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında olan məhkəmə zalında keçmiş arvadı X6 qəsdən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və vəkilin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan -29 aprel 2025-ci il tarixdən saat 16:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 29 aprel 2025-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar