Məhkəmə qərarları › İş №3(037)-17/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-17/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-17/2022 18.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 31 avqust 1990-cı il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 18 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 21 dekabr 2021-ci il tarixdə saat 23:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən çay evində pulla qumar oynaması faktı üzrə barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən İsmayıllı rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır. 21 dekabr 2022-ci il tarixdə yaşadığı kəndin ərazisində yerləşən Arzu adlı şəxsə məxsus çayxanaya getmişdir. Həmin vaxt orada digər kənd sakinləri də olmuşdur. Həmkəndliləri Sadiq, Nicat, Əlihüseyn və digər şəxslərlə birlikdə oturub bir pivə içmişdir. Bir qədər sonra Sadiqlə Əlihüseyn pulla qumar oynamışlar. Digər şəxslər isə masanın kənarında oturaraq pivə içmişlər. Həmin vaxt polis əməkdaşları içəri girmiş və masanın üzərində oyun kartı olduğu üçün hamını orada saxlamışdır. Həmin vaxt orada o, Sadiq, Əlihüseyn və Nicatdan başqada digər həmkəndliləri olmuşdur. Buna baxmayaraq polis əməkdaşları yalnız onu, Əlihüseyni, Fədanı və Nacatı polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahatı alınarkən o, qumar oynamadığını bildirsə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, polis əməkdaşları içəri daxil olarkən onun əlində kart olmamışdır. Masanın kənarında oturaraq pivə içmiş və ara-sıra oyuna baxmışdır. Oyunu yalnız Əlihüseynlə Sadiq ikisi oynamışdır. Onun qumar oynamadığını orada olan digər şəxslərdə təsdiq edə bilər. Odur ki, bütün bunlar nəzərə alınaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilən X1 izahat verərək göstərdi ki, 21 dekabr 2022-ci il tarixdə yaşadığı kəndin ərazisində yerləşən Arzu adlı şəxsin işlətdiyi çayxanada həmkəndliləri ilə birlikdə bir qədər pivə içmişdir. Həmin vaxt orada Nicat, Fəda, Sadiq və digər şəxslərdə olmuşdur. Pivə içərkən Sadiqlə qumar oynamaq qərarına gəlmişlər. Yeni oynamağa başlayarkən polis əməkdaşları içəri daxil olmuş və masanın üzərində oyun kartı və pul əskinasları olduğunu görmüşlər. Polis əməkdaşları orada olan şəxslərin çölə çıxmalarına icazə verməmişlər. Bir qədər sonra əməkdaşlar oyun kartını və pul əskinaslarını götürərək Sadiqi, Fədanı, Nicatı və onu rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt Sadiqlə birlikdə qumar oynasa da, Fəda ilə Nicat oyun oynamamış, kənarda oturaraq pivə içmişlər. İş üzrə şahid qismində dindirilən X2 izahat verərək göstərdi ki, 21 dekabr 2022-ci il tarixdə yaşadığı kəndin ərazisində yerləşən Arzu adlı şəxsin işlətdiyi çayxanada pivə içmişdir. Həmin vaxt orada həmkəndliləri Əlihüseyn, Sadiq, Fəda və başqa şəxslərdə olmuşdur. Həmin vaxt Sadiqlə Əlihüseyn kartla qumar oynamağa başlamışlar. Bir qədər sonra polis əməkdaşları içəri daxil olmuş və masanın üzərində oyun kartı və pul əskinaslarının olduğunu görmüşlər. Polis əməkdaşları orada olan şəxslərin çölə çıxmalarına icazə verməmişlər. Polis əməkdaşları Sadiqi, Fədanı, Əlihüseyni və onu rayon polis şöbəsinə aparmışlar. Onunla Fəda orada olsa da, qumar oynamamış, sadəcə masada oturaraq pivə içmişlər. Qumarı həmin vaxt yalnız Sadiqlə Fəda oynamışdır. 21 dekabr 2021-ci il tarixli raportdan görünür ki, 21 dekabr 2021-ci il tarixdə saat 22:30 radələrində polis əməkdaşları İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən Arzu adlı şəxsin işlətdiyi çay evində Əlihüseyn Nəzərov, Şəxs, Nicat İsgəndərov və Sadiq Quliyevin qumar oyununda iştirak etdiklərini görüb onları rayon polis şöbəsinə dəvət etmişlər. 05 yanvar 2022-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 dekabr 2022-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən çay evində qumar oynamış və stolun üzərindən 36 (otuz altı) ədəd kart və 23 (iyirmi üç) manat götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 21 dekabr 2022-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən çay evində qumar oyununda iştirak etməsi göstərilmişdir. Lakin, həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Belə ki, şahid ifadələri ilə yanaşı, iş materiallarına əlavə edilmiş video görüntüdən də göründüyü kimi polis əməkdaşları Kürdmaşı kəndi ərazisində yerləşən çay evinə daxil olarkən Sadiq Quliyev və Əlihüseyn Nəzərovdan başqa digər şəxslərin əlində oyun ləvazimatı olan kart olmamışdır. Həmin vaxt orada başqa şəxslər olsa da, həmin şəxslər sadəcə əyləşərək pivə içmişlər. Polis əməkdaşları Əlihüseyn Nəzərov, Fəda İsgəndərov, Nicat İsgəndərov və Sadiq Quliyevi rayon polis şöbəsinə aparmış və izahatları alınarkən onlar Şəxs və Nicat İsgəndərovun qumar oynamadıqlarını, sadəcə X4 Nəzərovun pulla qumar oynamalarını bildirmişlər. Buna baxmayaraq polis əməkdaşı Şəxs barəsində də, inzibati xəta haqqında protokol tərtib etmişdir. Göründüyü kimi Şəxs qumar oynaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar