Məhkəmə qərarları › İş №3(037)-175/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-175/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-175/2024 18.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 katibliyi, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə İsmayıllı rayonu Xəlilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də gözətçi işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 18 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli 2(007)- 3199/2014 saylı qətnaməsi üzrə verilmiş 01 oktyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən 21 iyul 2014-cü il tarixdən başlayaraq 01 iyul 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 103 (yüz üç) manat, minimum aylıq əmək haqqı məbləğinin 0,98 (sıfır tam yüzdə doxsan səkkiz) misli miqdarında sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 3321 (üç min üç yüz iyirmi bir) manat 89 qəpik aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 06 aprel 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, işlədiyi dövr ərzində aylıq əmək haqqısının 70 %-i tutularaq Zərərçəkmiş şəxs ödənilmişdir. 29 mart 2024-cü il tarixdə işdən azad olunmuş və bir neçə gün sonra barəsində icra məmuru tərəfindən protokol tərtib olunmuşdur. Hazırda bir neçə gündür ki, yeni işə qəbul olunmuş və aylıq 345 (üç yüz qırx beş) manat əmək haqqı alacaqdır. Aylıq əmək haqqısının 70 % faizi miqdarında və ya hər ay 200 (iki yüz) manat məbləğində ödəniş etməyə hazırdır. Bundan başqa Aytac adlı qızı yetkinlik yaşına çatmışdır. Qlan borc ötən müddətdə ödəniş etmədiyi aylara görə yaranmışdır. Həmçinin yeni nikahdan iki övladı da vardır. Onun qətnamənin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs aliment məbləğindən yalnız o, şikayət etdikdən sonra ödənişlər edir. Onun qızı Türkiyə respublikasında təhsil alır və qızını çətinliklə oxudur. Şəxs inzibati qaydada həbs edilməsini istəmir, lakin aliment borcunu tələb edir. Hər ay 200 (iki yüz) manat məbləğində borcundan ödəniş edilməsini tələb edir. Şəxs hər ay 200 (iki yüz) manat və ya əmək haqqısının 70 % faizi tutulacağı təqdirdə ona qarşı şikayəti olmayacaqdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 06 aprel 2024-cü il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə 6464 (altı min altı yüz altmış dörd) manat 11 qəpik aliment borcunun ödənilməsini təmin etmiş, icra vərəqəsi üzrə 3321 (üç min üç yüz iyirmi bir) manat 89 qəpik məbləğində aliment borcunun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etmir. 08 aprel 2024-cü il tarixli, 94 saylı arayışdan görünür ki, Şəxs həqiqətən "xxxx" MMC_də gözətçi vəzifəsində işləməklə, orta aylıq əmək haqqısı 345 (üç yüz qırx beş) manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 avqust 2014-cü il tarixli 2(007)-3199/2014 saylı qətnaməsi üzrə verilmiş 01 oktyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən 21 iyul 2014-cü il tarixdən başlayaraq 01 iyul 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 103 (yüz üç) manat, minimum aylıq əmək haqqı məbləğinin 0,98 (sıfır tam yüzdə doxsan səkkiz) misli miqdarında sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ötən müddət ərzində "xxxx" MMC-də işləməklə aylıq əmək haqqısının 70 % faizi miqdarı tutularaq tələbkar Zərərçəkmiş şəxs hesabına ödənilmişdir. Şəxs "xxxx" MMC ilə olan əmək müqaviləsinə 29 mart 2024-cü il tarixdə xitam verilmişdir. Şəxs məhkəməyə təqdim etdiyi 08 aprel 2024-cü il tarixli, 94 saylı arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC_də gözətçi vəzifəsində işləməklə, orta aylıq əmək haqqısı 345 (üç yüz qırx beş) manat təşkil edir. Şəxs məhkəmə iclasında yeni işə qəbul olunduğunu və əmək haqqısının 70 % faizi miqdarı tutularaq tələbkara ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs da, məhkəmə iclasında hər ay 200 (iki yüz) manat və ya əmək haqqısının 70 % faizi tutulacağı təqdirdə ona qarşı şikayəti olmadığını bildirmişdir. Göründüyü kimi Şəxs qətnamənin icrasından qərəzəli olaraq boyun qaçırmır. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar