Məhkəmə qərarları › İş №3(037)-188/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-188/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-188/2023 19.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X6 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair 28 mart 2023-cü il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Elnur Əmirov şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon Qalınçaq kəndində yaşayır. İstifadəsində “TE16” markalı yüz avtomobili vardır. 2022-ci ilin dekabr ayında polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində onun Qalınçaq meşəbəyliyində ağac kəsməsi bildirilmişdir. O, heç bir ağac kəsmədiyini bildirmişdir. Polis əməkdaşı ona həmin ərazidə yük avtomobilinin təkərlərinin izlərinin olmasını bildirmişdir. Həmin ağac kəsildikdən bir neçə gün sonra yük avtomobili ilə həmin ərazidən keçmişdir. Həmin əsasla polis əməkdaşı onun barəsində protokol tərtib etmişdir. Həmin vaxtdan sonra bununla bağlı heç bir orqana dəvət olunmamış və bu barədə ona hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Bir neçə gün öncə poçt vasitəsi ilə ona qərarın surəti göndərilmiş həmin qərarla 700 manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh tədbirini icra edən inzibati orqan qanunvericiliyin tələblərini pozmaqla, törətmədiyi bir inzibati xətaya görə, yəni yaş ağac kəsmədiyi halda inzibati cərimə edilmişdir. Hansı ki, heç bir ağac kəsməmişdir. Həmin ağacı kəsməsi barədə dəlil, sübut və sairə olmamışdır. Həmçinin protokol onun iştirakı olmadan tərtib olunmuş, ümumiyyətlə protokoldan məlumatı olmamış və protokola baxılması ilə bağlı ona rəsmi məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Elnur Əmirovun şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Qalınçaq meşəbəyliyinin 3 saylı meşə dolayında Elnur Əmirov heç bir icazə almadan 2 ədəd ağacı qanunsuz olaraq kəsib doğramışdır. Bununla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılmış və 25 aprel 2022-ci il tarixdə təhqiqatçı tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 13 dekabr 2022-ci il tarixdə polis sahə rəisi tərəfindən Elnur Əmirov barəsində AR İXM-nin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün idarəyə göndərilmişdir. Həmin protokol göndərildikdən sonra Elnur Əmirov barəsində 28 mart 2023-cü il tarixdə qərar qəbul edilmiş və o, AR İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X3 Bölməsinin təhqiqatçısı Ağacan Qafarov xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Qalınçaq Meşəbəyliyinin 14 saylı meşə dolayında 2 ədəd ağacın naməlum şəxslər tərəfindən kəsilməsi faktı üzrə cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti əməli törətmiş şəxsin (şəxslə) müəyyən olunaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Böməsinin sahə rəisi Rəhim Bədəlov tərəfindən tərtib edilmiş 13 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 AR İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş 28 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 meşəqırma bileti olmadan meşə fondunda köküstə yaş ağacların və kolları kəsdiyi üçün inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Elnur Əmirovun şikayətində və məhkəmə iclasında verdiyi izahatında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini, protokolun onun iştirakı olmadan və məlumatı olmadan tərtib olunduğunu, protokolun baxılması vaxtı və yeri barədə ona rəsmi məlumat göndərilməməsini, qeyd olunan ərazidə heç bir ağac kəsmədiyini və bununla bağlı heç bir sübut olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. maddəsinə əsasən izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından göründüyü kimi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 meşəbəyliyinin 14 saylı meşə dolayında qanunsuz ağac kəsməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq Elnur Əmirovun bildirişin göndərilməsini, tərtib olunmuş protokolun surətinin göndərilməsini və Elnur Əmirov tərəfindən qəbul edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Onun barəsində tərtib olunmuş protokola baxılması vaxtı və yeri barədə məlumatı olmamış, protokola onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. X8 qeyd olunan hüquqlardan istifadə etməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən isə 28 mart 2023-cü il tarixli MN ******* nömrəli qərarın qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 253.1-ci maddəsi əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 barəsində inzibati tənbeh vermə haqqında 28 mart 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X2 əməlində inzibati xəta inzibati xəta tərkibi olması sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 mart 2023cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin qərar əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar