Məhkəmə qərarları › İş №3(037)-19/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-19/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-19/2021 18.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, Ş.Qurbanov küçəsi, ev 30-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.7 və 333.3-cü maddələri ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “KİA CEED” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “VAZ-2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamaması, bir il ərzində 20-dən çox bal toplaması, “VAZ-2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurması nəticəsində avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi ziyan vurması faktı üzrə barəsində İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.7 və 333.3-cü maddələri ilə xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin inspektoru Cəlal Hüseynli izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı ərazidə olmuşdur. Araşdırma zamanı hadisənin törənməsində Şəxs təqsiri olması müəyyən olunmuşdur. Həmin vaxt yoxlama zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olmuşdur. Bundan sonra onun barəsində müvafiq maddələrlə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə axşam saatlarında idarə etdiyi “KİA CEED” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedərkən İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində hərəkətdə olarkən qarşıda gedən “VAZ-2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil dönmə əməliyyatı aparmışdır. Avtomobillə düzgün ara məsafəsi saxlamadığı üçün idarə etdiyi avtomobillə həmin avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə maddi ziyan dəymişdir. Bir qədər sonra hadisə yerinə yol patrul xidməti əməkdaşları gəlmişdir. Həmin gün bir qədər spirtli içki qəbul etdiyindən yoxlama zamanı onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı sığorta şirkəti ödəyəcəkdir. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. X2 izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “VAZ-2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində hərəkətdə olan zaman dönmə əməliyyatı aparmış və bu zaman arxadan gələn “KİA CEED” markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilinə maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş maddi ziyanı sığorta şirkəti ödəyəcək. Şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxx 2021-ci il tarixli 01589 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22:55-də tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 1,186 %) olduğu müəyyən edilmişdir. xx xxxx 2012-ci il tarixdə verilmiş AB 723476 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs minik avtomobilini idarə etmə hüququ vardır. X3 Servis Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli arayışında “VAZ-2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1698 (min altı yüz doxsan səkkiz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, onun Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.1– 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair işlərə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətalara görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “KİA CEED” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan “VAZ-2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamamış və həmin avtomobilin arxa hissəsindən vurmuşdur. Nəticədə “VAZ-2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə cəzası tətbiq etməyi qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 27, 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar