Məhkəmə qərarları › İş №3(037)-2/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-2/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-2/2023 10.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, X5 küçəsi, ev 22-də yaşayan, subay, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2 (037) – 614 / 2019 nömrəli qətnaməsinə əsasən 08 iyul 2019-cu il tarixdən başlayaraq 22 mart 2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 (yüz qırx) manat aliment Şəxs tutularaq X2 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkara ödənilməli olan 4590 (dörd min beş yüz doxsan) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 07 iyul 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə daxil olmuş və həmin gün məhkəmədə qeydiyyata alınaraq işə baxılması xx.xx.2022-ci il tarixə saat 11:40-a təyin edilmişdir. İş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyi üçün işin baxılması təxirə salınaraq 18 iyul 2022-ci il tarixə saat 14:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına rəsmi qaydada məlumat verilmişdir. Lakin Şəxs heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişdir. İnzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburi olduğuna görə məhkəmə iclası təxirə salınaraq xx.xx.2022-ci tarixə təyin edilmiş və Şəxs məhkəmə iclasına gətirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilmişdir. Lakin Şəxs xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına məcburi gətirilməsi təmin olunmamışdır. Qərarın icrası təmin edilmədiyindən məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Həmin vaxtdan sonra keçən müddət ərzində Şəxs məhkəmə iclasına gətirilməsi barədə qərarın icrası ilə əlaqədar İsmayıllı rayon Polis Şöbəsinə dəfələrlə müraciət edilmişdir. Lakin Şəxs məhkəməyə məcburi gətirilməsi mümkün olmamış və araşdırma zamanı onun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə törədildiyi qeyd edilən inzibati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə (İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun tarixi) baş vermişdir. Həmin vaxtdan sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış olsa da, inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixdən də 1 (bir) il müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi inzibati xətanın növündən asılı olmayaraq, inzibati xəta törətmiş şəxsin qaçıb gizləndiyi halda da, inzibati xəta hadisəsinin törədilməsindən sonra 1 (bir) il müddətin keçməsi ilə həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi halı istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 105-ci maddələrinin tələbləri baxımından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına, inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar