Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-203/2024 26.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, Babək küçəsi, ev 22 Q-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 18 və 19 aprel 2024-cü il tarixlərdə İsmayıllı şəhəri, Babək küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 26 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elşən Bədəlov izahatında göstərdi ki, Şəxs 18 aprel 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarının ünvanına və 19 aprel 2024-cü il tarixdə isə yenidən ölkə rəhbərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı hər iki tarixdə polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana gedilmiş, lakin Şəxs qaçaraq gizlənmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Ümumiyyətlə Şəxs bir neçə dəf müxtəlif maddələrlə inzibati qaydada həbs olunmuşdur. Şəxs spirtli içki alüdəçisidir. Bir neçə dəfə müalicə olunması üçün dispanserə yerləşdirilsə də, oradan çıxaraq qaçmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, törətdiyi əməli etiraf edir və etdiyi hərəkətlərin səhv olduğunu başa düşür. Özü əsəb dispanserində qeydiyyatdadır. Onun müalicəyə ehtiyacı vardır. Əvəllərdə bir neçə dəfə inzibati qaydada həbs edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 18 və 19 aprel 2024-cü il tarixlərdə İsmayıllı şəhəri, Babək küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin protokolu tərtib etmiş sahə rəisinin izahatından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi etirafından müəyyən edilir ki, Şəxs bir neçə dəfə inzibati qaydada tənbeh olunmuşdur. Məhkəmə bütün bu halları Şəxs islah olunmaması kimi qiymətləndirir. Məhkəmə, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tərəflərin izahatları, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 18 və 19 aprel 2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşlarının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 30 (otuz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 26 aprel 2024-cü il tarixdə saat 11:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 26 aprel 2024-cü il tarixdə saat 11:20-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-203/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-203/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver