Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-206/2022 26.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə İsmayıllı rayonu Qurbanəfəndi kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsili, İsmayıllı rayon Qurbanəfəndi kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 may 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Rsulan oğlunun 22 may 2022-ci il tarixdə saat 11:00 radələrində İsmayıllı rayon Polis Şöbəsinin həyətində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, Şəxs 22 may 2022ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin həyətində xidməti vəzifələrini yerinə yetirən yol patrul xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 22 may 2022-ci il tarixdə idarə etdiyi “VAZ-2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı şəhəri ərazisində idarə edərkən yol patrul xidməti əməkdaşları ona saxla işarəsi vermişdir. Avtomobili saxladıqdan sonra yol patrul xidməti əməkdaşı ona yaxınlaşaraq avtomobilin ödənilməyən cərimələrinin olduğunu və avtomobilin rayon polis şöbəsinə aparmalı olduqlarını bildirmişdir. O, polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Şöbənin həyətində polis əməkdaşları ona təhvil-təslim aktına qol çəkmələrini tələb etmişdir. O, akta qol çəkməyəcəyini və qol çəkməyəcəyi təqdirdə qanuni şəkildə cəza alacağına heç bir etirazının olmayacağını bildirmişdir. Onu həmin vaxt polis şöbəsində lazımsız yerə çox saxlamışlar. Bir qədər sonra məcburiyyət qarşısında qalaraq akta qol çəkmişdir. Bir qədər sonra oradan çıxmış və yaşadığı evə getmişdir. 26 may 2022-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki həmin protokolda onun polisin qanuni tələblərinə tabe olmadığı göstərilmişdir. O, heç bir inzibati xəta törətməmiş yalnız akta qol çəkməkdən imtina etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X6 X7 yol patrul xidməti inspektoru polis baş serjantı X2 izahatında göstərdi ki, 22 may 2022-ci il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “”VAZ-2106” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəərindən istifadə etmədən avtomobili idarə etdiyi üçün saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etmiş və törətdiyi xətanı ona izah etmişdir. Sonradan məlum olmuşdur ki. sürücünün ödənilməyən cərimələri olduğu üçün avtomobilin üzərində həbs olmuşdur. Bu səbəbdən sürücüyə avtomobilin duracağa qoyulacağını bildirmişdir. Sürücü ilə birlikdə rayon polis şöbəsinə gəlmiş və təhvil-təslim aktı tərtib olunmuşdur. Sürücüyə akta imza etməsini bildirdikdə sürücü akta imza etməyəcəyini bildirmiş və oradan getmək istəmişdir. Dəfələrlə sürücüyə polisin qanuni tələblərinə tabe olmasını bildirsə də, sürücü Şəxs akta qol çəkməmişdir. Həmin vaxt Şəxs onların iş fəaliyyətini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 22 may 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələbinə tabe olmaması göstərilmişdir. Lakin, həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Şəxs həmin vaxt təhvil-təslim aktına imza etməyəcəyini bildirsə də, həmin vaxt polisin qanuni tələblərinə tabe olmaması və polisin iş fəaliyyətinin pozulması ilə müşayiət olan hər hansı hərəkət törətməmişdir. Şəxs həmin vaxt tərtib olunmuş akta imza etməməsi onun polisin qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Ona görə də, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-206/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-206/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver