Məhkəmə qərarları › İş №3(037)-211/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-211/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-211/2024 03.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonu Mücühəftəran kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 03 may 2024-cü il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 02 may 2024-cü il tarixdə saat 21:30 radələrində İsmayıllı şəhəri, Cavanşir küçəsində sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanın pozması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 03 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 02 may 2024-cü il tarixdə dostu Elvinin yaşadığı evdə bir qədər spirtli içki qəbul etmişlər. Sonradan evin qarşısında Elvin Səxavət və o, ucadan nalayiq ifadələr işlətmişlər. Bu hal qonşuların narazılığına səbəb olmuşdur. Etdiyi əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin məsul növbətçisi polis kapitanı X3 izahat verərək göstərdi ki, Elvin Mirzəlizadə onun qonşusudur. Elvin həmin evdə tək yaşayır və mütəmadi olaraq başqa şəxsləri evinə gətirərək orada spirtli içki qəbul etmişlər. Sonuncu dəfə 02 may 2024-cü il tarixdə Elvin tanışları Şəxs və Səxavət Səmədovla birlikdə həmin evdə spirtli içki qəbul etdikdən sonra ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və qonşuları narahat etmişdir. İş materiallarına əlavə edilmiş 02 may 2024-cü il tarixli 171 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 02 may 2024-cü il tarixdə, saat 23:25-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 02 may 2024-cü il tarixdə saat 21:30 radələrində İsmayıllı şəhəri, Cavanşir küçəsində sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 100 (bir yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar