Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-214/2025 17.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1975-ci il tarixdə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “X7” MMC-də işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 17 iyun 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(037)-153/2024 saylı qətnaməsi üzrə verilmiş 28 iyun 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 26091 (iyirmi altı min doxsan bir) manat 0,2 qəpik məbləği alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqələri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 24271 (iyirmi dörd min iki yüz yetmiş bir) manat 0,2 qəpik borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 17 iyun 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov izahat verərək göstərdi ki, Şəxs əmək haqqından və pensiyasından tutulmalar aparılır. Hazırki günədək tutulmaların cəmi 1820 (min səkkiz yüz iyirmi) manat təşkil edir. Lakin tələbkar Zərərçəkmiş şəxs bununla razılaşmır və bir neçə dəfə icra şöbəsinə gələrək şikayətlər etmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, “X7” MMC-də işləyir və həmçinin müharibə veteranıdır. Həm əmək haqqından, həm də pensiyasından hər ay tutulmalar aparılır. Hər ay ona 200 (iki yüz) manat pul qalır və həmin məbləğnən ailəsini belə dolandıra bilmir. Həmin evi atası sağ ikən bacısına vermişdir. Evdən də, həyətdən də çıxmağa razıdır. Bundan başqa Məmmədağa ona məxsus 32 sot torpağı da satmışdır. Ona çox haqsızlıqlar olmuşdur. Buna baxmayaraq bacısı bir neçə aya kəndə qayıdacaqdır. Bacısı gəldikdən sonra razılığa gəlməyə çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxslə hər cür razılığa gəlməyə çalışmışdır. Buna baxmayaraq Sabit nə evi, nə də pulu ona ödəməmişdir. Həmin pulun əvəzinə öz zəhməti ilə tikdiyi evi qəbul edir. Evin yerləşdiyi torpaq sahəsindən ona 2 sot belə verilsə kifayət edər ki, ailəsi ilə birlikdə həmin köçərək yaşasın. Borcunu tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(037)-153/2024 saylı qətnaməsi üzrə verilmiş 28 iyun 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs cəmi 26091 (iyirmi altı min doxsan bir) manat 0,2 qəpik məbləği alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 17 iyun 2025-ci il tarixli arayışından görünür ki, Şəxs tərəfindən 1820 (min səkkiz yüz iyirmi) manat məbləğində ödəniş olunmuş, Şəxs 24271 (iyirmi dörd min iki yüz yetmiş bir) manat 0,2 qəpik borcun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etmir. Elektron məlumat sorğusundan görünür ki, Şəxs “X7” MMC-də işləməklə 400 (dörd yüz) manat əmək haqqı və müharibə veteranı olmaqla 80 (səksən) manat məbləğində sosial müavinət alır. İsmayıllı rayon İcra Şöbəsinin “X7” MMC-nə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, borc tələbi Şəxs əmək haqqına yönəldilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədində qeyd edilən məbləğ tutulması üçün onun əmək haqqı və pensiyasına yönəldilmiş və hər ay tutulmalar aparılmış. Bundan əlavə Şəxs məhkəmə iclasında qeyd olunan evin bacısına məxsus olduğunu və bacısı gəldikdən sonra hər hansı razılığa gələcəklərini bildirmişdir. Bütün qeyd edilənlər isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Bundan başqa borclunun əlavə hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Göründüyü kimi Şəxs qətnamənin icrasından qərəzəli olaraq boyun qaçırmır. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-214/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-214/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver