Məhkəmə qərarları › İş №3(037)-216/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-216/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-216/2025 20.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx, İsmayıllı şəhəri, Z.Tağıyev küçəsi, ev 8-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 20 iyun 2025-ci il tarixli MN №1749097 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verərək bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1124/2023 saylı 14 noyabr 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş 27 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Şəxs 22 mart 2009-cu il təvəllüdlü X3 və 21 oktyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədi üzrə tələbi icra etməmişdir. Həmçinin borcunun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmiş və çağırışa gəlməkdən boyun qaçırmışdır. Eyni zamanda borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 5400 (beş min dörd yüz) manat borcu vardır. Borclu bu gün maddi imkanı olmadığı üçün borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu izahat verərək göstərdi ki, bir müddət əvvəl qolunun sınması ilə bağlı qol ağrılarının başlanması səbəbindən heç bir yerdə işləmədiyindən aliment məbləğini ödəyə bilməmişdir. Göstərilən aliment borcundan hazırda da heç bir ödəniş edə bilmir. Eyni zamanda yenidən ailə həyatı qurduğunu və ayrı uşağının da olmasını söyləmişdir. Lakin qeyd edilənləri nəzərə alaraq, ona məxsus köhnə 1 ədəd televizor, (qüsuru olan) 1 ədəd soyuducu və 2 ədəd istifadə edilmiş xalçanın satılaraq aliment borcunun müəyyən hissəsinin ödənilməsi üçün ona bir neçə saat möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, uşaqlarını saxlamaqda çox maddi çətinlik çəkir. Borclunun alimenti ödəməməklə bağlı hər dəfə müxtəlif səbəblər gətirərək onu və uşaqlarını aldatdığını bildirmişdir. Hazırda aliment borcunu tələb edir əks halda isə Şəxs inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. Lakin hazırki vəziyyətdə borclunun həmin məbləği ödəyə bilməməsinə görə borcluya məxsus yuxarıda qeyd edilən həmin məişət əşyalarının ona verildiyi təqdirdə şikayətindən imtina edəcəyini məhkəməyə bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu izahatında bununla razılaşmış və həmin əşyaları tələbkarla birgə gederək yaşadığı evdən götürüb tələbkara verilməsi üçün məhkəmədən bir neçə saat möhlət istəmişdir. Məhkəmə humanizm prinsipindən çıxış edərək borcluya məxsus hazırda evində olan köhnə 1 ədəd televizor, (qüsuru olan) 1 ədəd soyuducu və 2 ədəd istifadə edilmiş xalçanın tələbkara verilməsi üçün ona 2-3 saat ərzində möhlət vermişdir. Lakin buna baxmayaraq borclu üzərinə düşən öhdəliyi yenə qərəzli olaraq yerinə yetirməmiş və məhkəməyə müxtəlif formada qeyri-səmimi əsassız bəhanələr gətirmişdir. Əlavə olaraq bankdan kredit götürəcəyini əsas gətirərək təkrarən bir müddət vaxt istəmişdir. Belə ki, məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1124/2023 saylı 14 noyabr 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş 27 dekabr 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlər iş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1124/2023 saylı 14 noyabr 2023-cü il tarixli qətnaməsi üzrə Şəxs 22 mart 2009-cu il təvəllüdlü X3 və 21 oktyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1124/2023 saylı 14 noyabr 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş 27 dekabr 2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli borclunun gətirilməsi haqqında qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1124/2023 saylı 14 noyabr 2024-cü il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun tərəfindən yaranmış borcun vaxtında və lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının qərəzli icra olunmamasındakı uzun müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 20 iyun 2025-ci il tarixdən saat 17:30-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın və qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar