Məhkəmə qərarları › İş №3(037)-217/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-217/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-217/2023 10.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X10 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən Ayaz Qədirov şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayonu Sədyan kəndində yaşayır. 28 mart 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola ona zorla imza etdirilmişdir. Guya ki, o 27 mart 2023-cü il tarixdə Talıstan Meşəbəyliyinin 8 saylı dolayının 51-ci kvartalında kök üstə yaş ağacları kəsməsi qeyd edilmişdir. Əslində isə o, bir dənə də olsun yaş ağac kəsməmişdir. O, həmin ağacları kəndin kənarında çoxdan naməlum şəxs tərəfindən kəsilmiş və yoldan xeyli aralıda qoyulmuş Talıstan meşəbəyliyindən bir neçə km aralıda evinə gətirən zaman kənd yolunda saxlanılmışdır. Barəsində qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, ağacların kəsilmiş yerinə baxış keçirilməmiş, hansı ağacların kəsilməsi müəyyən edilməmiş, ona hədə-qorxu gəlməklə imza etdirmişlər. Bundan başqa tərtib olunmuş protokola baxılması vaxtı və yeri barədə ona heç bir məlumat verilməmiş və qərar onun iştirakı olmadan tərtib olunmuşdur. Ona görə də, inzibati xətanın törədildiyi yer müəyyən edilmədiyindən və onun yol kənarından naməlum şəxs tərəfindən kəsilərək qoyulmuş ağacların gətirilməsi kəsilmə kimi qeyd olunan qərarı çıxaran səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi səbəbindən 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Qədirovun şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, 27 mart 2023-cü il Talıstan meşəbəyliyinin 8 saylı meşə dolayında Ayaz Qədirov heç bir icazə almadan 10 ədəd ağacı qanunsuz olaraq kəsib doğramışdır. Bununla bağlı 27 mart 2023-cü il tarixdə akt tərtib olunmuşdur. Həmin fakt Şahdağ Milli Parkının əməkdaşları tərəfindən tərtib olunmuş və bundan sonra 28 mart 2023-cü il tarixdə protokol tərtib olunmuşdur. Həmin protokol baxılması üçün idarəyə göndərilmiş və protokola baxılması vaxtı və yeri barədə Ayaz Qədirova məlumat verilmişdir. 13 aprel 2023-cü il tarixdə qərar qəbul edilmiş və Ayaz Qədirov AR İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının əməkdaşları tərəfindən tərtib olunmuş 27 mart 2023-cü il tarixli aktdan görünür ki, 27 mart 2023-cü il tarixdə Talıstan meşəbəyliyinin 3 nömrəli dolayının 57 nömrəli kvartalında yoxlama apararkən İsmayıllı rayonu Sədyan kənd sakini X10 tərəfindən 9 (doqquz) ədəd fıstıq cinsindən olan yaş ağac kəsilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının əməkdaşları tərəfindən tərtib olunmuş 28 mart 2023-cü il tarixli, AA 000588 nömrəli aktdan görünür ki, 28 mart 2023-cü il tarixdə Talıstan meşəbəyliyinin 3 nömrəli dolayının 57 nömrəli kvartalında yoxlama apararkən İsmayıllı rayonu Sədyan kənd sakini X10 tərəfindən 10 (on) ədəd fıstıq cinsindən olan yaş ağac kəsilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının sahə müvəkkili X11 tərəfindən tərtib edilmiş 28 mart 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 8 saylı dolayının 57-ci kvartalında 2023-cü il tarixində X10 tərəfindən yaş köküstə ağac kəsilməsi faktı üzrə Ayaz Qədirov barəsində AR İXM-nin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 meşəbəyliyinin 8 saylı dolayının 57-ci kvartalında köküstə yaş ağacları kəsdiyi üçün inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Ayaz Qədirov şikayətində və məhkəmə iclasında verdiyi izahatında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini, protokolun onun iştirakı olmadan və məlumatı olmadan tərtib olunduğunu, protokolun baxılması vaxtı və yeri barədə ona rəsmi məlumat göndərilməməsini, qeyd olunan ərazidə heç bir ağac kəsmədiyini və bununla bağlı heç bir sübut olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. maddəsinə əsasən izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından göründüyü kimi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X9 meşəbəyliyinin 8 saylı meşə dolayında qanunsuz ağac kəsməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq ona bildirişin göndərilməsini və onun tərəfindən qəbul edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Onun barəsində tərtib olunmuş protokola baxılması vaxtı və yeri barədə məlumatı olmamış, protokola onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. Bu da, Ayaz Qədirovun qeyd olunan hüquqlardan istifadə etməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən isə 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli qərarın qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İş materiallarına sübut kimi əlavə edilmiş Ayaz Qədirovun apardığı ağaclarla birlikdə olan foto şəkildən göründüyü kimi, həmin ərazi meşə ərazisi deyil, kənd ərazisində olan küçədir. Həmçinin 27 mart 2023-cü il tarixdə tərtib olunmuş aktda Ayaz Qədirovun 9 (doqquz) ədəd, 28 mart 2023-cü il tarixli aktda isə onun 10 (on) ədəd ağac kəsdiyi qeyd edilmişdir. 28 mart 2023-cü il tarixli aktda Ayaz Qədirovun kəsdiyi ağacların dib köklərinin foto şəkillərinin çəkildiyi qeyd edilsə də, həmin foto şəkillər sübut kimi məhkəməyə təqdim edilməmişdir. Bundan başqa 28 mart 2023cü il tarixli ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xəta faktının konkret olaraq hansı vaxtda törənməsi qeyd edilməmişdir. Eyni zamanda nümayəndənin məhkəməyə təqdim etdiyi foto şəkilnən həmin ağacların Ayaz Qədirov tərəfindən kəsilməsi sübut olunmur. Belə ki, Ayaz Qədirov izahatında həmin ağacların onun tərəfindən deyil naməlum şəxs tərəfindən kəsildiyini və sahibsiz qaldığı üçün götürərək yaşadığı evə gətirmək istədiyini bildirmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Talıstan meşəbəyliyinin 08 saylı meşə dolayısının 57-ci kvartalında ağacların məhv edilməsinin X10 tərəfindən kəsilməsi halları müəyyən edilməmişdir. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər və foto şəkillə Ayaz Qədirovun yaşadığı evə apardığı ağacların qeyd olunan ərazidə onun tərəfindən kəsilməsi, bununla da təbiətə ziyan vurması sübut olunmur və işin məhkəmədə araşdırılmış faktiki hallarına uyğun gəlmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 253.1-ci maddəsi əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X10 barəsində inzibati tənbeh vermə haqqında 13 aprel 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X6 əməlində inzibati xəta inzibati xəta tərkibi olması sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin qərar əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X6 şikayəti təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar