Məhkəmə qərarları › İş №3(037)-219/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-219/2021

17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-219/2021 17.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə İsmayıllı rayonu, Kürdmaşı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan,İsmayıllı rayonu, Kürdmaşı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu Şəxs, 2015-cı il təvəllüdlü Səma adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İsmayıllı Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan tutulmalı olan hər ay üçün 120 manat sabit pul məbləğində alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 2015cı il təvəllüdlü Səma adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay üçün 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu aliment borcunu ödəməmişdir. Hazırda Şəxs tələbkara olan aliment borcu 1725 manat təşkil edir. Borclu Şəxs məhkəməyə müraciət edildikdən sonra yığılmış aliment borcundan tələbkara 200 manat ödəniş etmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, İsmayıllı rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli qətnaməsi ilə Şəxs 2015-cı il təvəllüdlü Səma adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay üçün 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Borclu aliment borcunun bir hissəsini müxtəlif vaxtlarda mədaxil çeki vasitəsilə, bir hissəsini 120, 70 və 70 manat məbləğlərini çeksiz nağd şəkildə, 16.07.2021-ci il tarixdə isə mədaxil qəbzi ilə 200 manat ödəmiş, qalan aliment borcunun isə üç ay ərzində ona ödəyəcəyinə söz vermişdir. Bu səbəbdən hazırda Şəxsla aralarında qalan aliment borcunun üç ay ərzində ödənilməsinə dair qarşılıqlı razılaşma olduğundan ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, Şəxs barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən İsmayıllı rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli qətnaməsi ilə ondan 2015-cı il təvəllüdlü Səma adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay üçün 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Aliment borcunun bir hissəsini mədaxil qəbzləri ilə, 120, 70 və 70 manat məbləğlərini isə çeksiz nağd şəkildə tələbkara ödəmişdir. Pandemiya ilə əlaqədar işləmədiyindən aliment borcunu ödəməmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilmir. Hazırda işə təzə düzəlmişdir və yığılmış aliment borcundan 200 manat ödəmiş, qalan aliment borcunun isə üç ay ərzində ödənilməsinə dair tələbkarla aralarında qarşılıqlı razılaşma olmuşdur. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin 19.03.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 2015-cı il təvəllüdlü Səma adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay üçün 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan 16.07.2021-ci il tarixli N333645210 nömrəli mədaxil qəbzindən görünür ki, 16.07.2021-ci il tarixdə Şəxs tərəfindən Zərərçəkmiş şəxs adına 200 manat pul köçürülmüşdür. İşdə olan tələbkar Zərərçəkmiş şəxs tərəfindən yazılmış 17.07.2021-ci il tarixli ərizədən görünür ki, borclu Şəxsla tələbkar Zərərçəkmiş şəxs arasında yığılmış aliment borcunun üç ay ərzində ödənilməsinə dair qarşılıqlı razılaşma olmuş və borclu ödənilməmiş aliment borcunun bir hissəsini müxtəlif vaxtlarda mədaxil qəbzləri vasitəsilə, bir hissəsini 120, 70 və 70 manat məbləğlərini çeksiz nağd şəkildə, 16.07.2021-ci il tarixdə isə mədaxil qəbzi ilə 200 manat ödəniş etmiş, qalan aliment borcunun isə üç ay ərzində tələbkara ödəyəcəyinə söz vermişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları, habelə tələbkarın və borclunun izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə yığılmış aliment borcunun bir hissəsini müxtəlif vaxtlarda mədaxil qəbzləri vasitəsilə, bir hissəsini 120, 70 və 70 manat məbləğlərini çeksiz nağd şəkildə, 16.07.2021-ci il tarixdə isə mədaxil qəbzi ilə 200 manat ödəmiş, qalan aliment borcunu isə üç ay ərzində hissə-hissə ödənilməsi barədə tələbkarla aralarında qarşılıqlı razılaşma olmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar