Məhkəmə qərarları › İş №3(037)-226/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-226/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-226/2021 22.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə xx xxx 1972-ci il tarixdə İsmayıllı rayonu İstisu kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 22 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 19 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində İsmayıllı rayonu İstisu kəndində sərxoş vəziyyətdə qonşusu İlham Çıraqovun yaşadığı evin qarşısında ucadan nalayiq ifadələr işlətməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 22 iyul 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, 19 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində İsmayıllı rayonu İstisu kəndi ərazisində Şəxs sərxoş vəziyyətdə qonşusu İlham Çıraqovun yaşadığı evin qarşısında ucadan nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olmuşdur. Həmin əraziyə polis əməkdaşları getmiş və Şəxs qonşuları İlham Çıraqovla və Afərim İsmayılova ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətdiyi məlum olmuşdur. Əvvəllərdə Şəxs eyni əməli törətdiyinə görə bir neçə dəfə inzibati qaydada cəza almışdır. Ümumiyyətlə Şəxs spirtli içki aludəçisidir və kənd sakinləri tərəfindən mənfi xarakterizə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu İstisu kəndində yaşayır. O, bir neçə il bundan öncə İlham Çıraqova 5 sot topaq sahəsi satmışdır. Onun özünə məxsus torpaq sahəsinin sənədləri olmamışdır. Həmin vaxt İlham Çıraqov ona bildirmişdir ki aldığı torpaq sahəsinə sənədləri hazırladarkən onun da torpaq sahəsinə sənəd düzəldə bilər. Buna görə də o, İlhama 500 (beş yüz) manat pul vermişdir. Lakin xeyli vaxt keçsə də İlham torpağına sənəd düzəltdirməmiş və pulunu ona geri qaytarmamışdır. 19 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində o, İlham Çıraqovun yaşadığı evin qarşısına gedərək onu küçəyə çağırmışdır. İlham küçəyə çıxdıqdan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Həmin hadisədən bir neçə gün əvvəldə İlhamın yaşadığı evə getmiş elektrik sayğacını və küçə qapısını əlcəyini vuraraq sındırmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X5 izahat verərək göstərdi ki, Bakı şəhərində yaşayır. Bir neçə il bundan öncə Şəxs torpaq sahəsi almış və orada ev tikmişdir. Həmin torpaq sahəsini aldıqdan sonra İlham mütəmadi olaraq onu və ailə üzvlərini narahat edir. Bu barədə o, bir neçə dəfə polis şöbəsinə müraciət etmiş və İlham qanunamüvafiq qaydada cəzalandırılmışdır. Buna baxmayaraq İlham öz qanunsuz əməlindən əl çəkməmişdir. İlham mütəmadi olaraq ondan yersiz yerə pul istəyir. 2020-ci ildə o kənd icra nümayəndəsi və bələdiyyənin iştirakı ilə İlhama halallıq üçün 200 (iki yüz) manat pul vermişdir. Lakin sonradan İlham ondan təkrar pul istəmişdir. Sonuncu dəfə 19 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evdə olarkən, İlham küçə qapısında ucadan onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. O, küçəyə çıxdıqda İlhamın yenə də sərxoş vəziyyətdə olduğunu görmüş və heç bir söz demədən yaşadığı evə qayıtmışdır. Həmin vaxt yaxınlıqda yaşayan həmkəndliləri İlhamı oradan uzaqlaşdırmışdır. İlham bir neçə gün bundan öncə də, onun yaşadığı evə gedən elektik sayğacını və küçə qapısını sındırmışdır. Bu barədə polis şöbəsində araşdırma aparılır. İlham spirtli içki aludəçisi olduğu üçün hər dəfəsində ondan yersiz yerə pullar tələb edir. İş üzrə şahid qismində izahat verən X1 da şahid X4 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. 20 iyul 2021-ci il tarixli 313 nömrəli tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20 iyul 2021-ci il tarixdə saat 01:55-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsinin 22 iyul 2021-ci il tarixli, **********6 saylı arayışından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 19 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində İsmayıllı rayonu İstisu kəndində sərxoş vəziyyətdə qonşusu İlham Çıraqovun yaşadığı evin qarşısında ucadan nalayiq ifadələr işlətmiş və bununla da ətrafdakı şəxslərin rahatlığını pozaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halları nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gələrək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 22 iyul 2021-ci il tarixdə saat 16:50dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 22 iyul 2021-ci il tarixdə saat 16:50-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar