Məhkəmə qərarları › İş №3(037)-230/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-230/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-230/2021 23.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, İsmayıllı rayonu İvanovka kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayonu İvanovka kəndinin mərkəzində Şahid3 ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 23 iyul 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 izahatında göstərdi ki, Yadıqin Borisin 22 iyul 2021-ci il tarixdə İvanovka kəndinin mərkəzində Şahid3 ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməsi faktı ilə bağlı araşdırma aparılmış və əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olduğundan həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu İvanovka kəndində yaşayır. 22 iyul 2021-ci il tarixdə həmkəndliləri Vasiliy, Viktor və atası Borislə birlikdə sahədən gələrkən kəndin mərkəzinə çatdıqda “Real TV”-nin işçilərinin video çəkiliş etdiyini görmüşdür. Onlarda kolxozda gedən işlərlə bağlı müsahibə vermək istəmişlər. Əməkdaşlara yaxınlaşaraq müsahibə vermək istədiklərini bildirdikdə əməkdaşlar çəkilişə razı olmamışlar. Həmin vaxt yaxınlıqda mağaza işlədən Şahid3 çəkilişə mane olduqlarını bildirirək atası Boris və Vasiliylə mübahisə etməyə başlamışdır. O, həmin vaxt heçkimlə mübahisə etməmiş və çəkilişin gedişinə mane olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 izahat verərək göstərdi ki, İvanovka kəndində yaşayır və kəndin mərkəzində icarəyə götürdüyü ərzaq mağazasını işlədir. 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində mağazanın qarşısında “Real TV”nin əməkdaşları ondan kolxozda gedən işlər barədə müsahibə verməsini xahiş etmişlər. O, razılaşaraq müsahibə verərkən həmkəndliləri Vasiliy, Viktor, Timofey və Boris uzaqdan müsahibə verdiyini görərək onlara yaxınlaşmışdır. Həmin şəxslər təkidlə müsahibə vermək istədiklərini bildirdikdə əməkdaşlar buna razı olmamışlar. O, da bu barədə öz həmkəndlilərinə etirazını bildirmişdir. Bu zaman Boris və Vasiliy onunla mübahisə edərək ucadan nalayiq ifadələr işlədib çəkilişin gedişinə maneçilik törətmişlər. Həmin hadisə bir neçə dəqiqə davam etmişdir. Onunla mübahisə edərək ucadan nalayiq ifadələr işlədən Borislə Vasiliy olmuşdur. Timofey isə müsahibə vermək istədiyini bildirsə də səs-küy salmamış və onunla mübahisə etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 izahat verərək göstərdi ki, o, İvanovka kənd “Nikitin” adına kolxozun fermasında işləyir. Yaşadığı evin qarşısında yerləşən ərzaq mağazasını Şahid3 icarəyə vermişdir. 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində yaşadığı evin qarşısında “Real TV”nin əməkdaşları Şahid3 müsahibə götürürdülər. Həmin vaxt həmkəndliləri Vasiliy, Viktor, Timofey və Boris oraya yaxınlaşaraq əməkdaşlara müsahibə vermək istədiklərini bildirmişlər. Əməkdaşlar buna razı olmamışlar. Bu zaman Boris və Vasiliyin Valentina ilə uca səslə mübahisə edərək çəkilişin gedişinə maneçilik törətmələrinə şahid olmuşdur. Həmin vaxt Timofey orada olsa da, heç bir müdaxiləsi olmamış və Valentina ilə mübahisə etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahat verərək göstərdi ki, İvanovka kənd “Nikitin” adına kolxozda sürücü işləyir. 22 iyul 2021-ci il “Real TV”nin əməkdaşları Şahid3 müsahibə götürürdülər. Bir qədər sonra oraya həmkəndliləri Vasiliy, Viktor, Timofey və Boris oraya yaxınlaşmışlar. Həmin vaxt orada müsabahisənin baş verdiyini görsə də, bir qədər uzaqda olduğundan mübahisənin nədən baş verdiyini eşitməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını, şahid ifadələrini və vəkilin fikrini dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində İvanovka kəndinin girişində mağazanın qarşısında ucadan nalayiq ifadələr işlətməsi göstərilmişdir. Lakin, həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. X6 və X5 22 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayonu İvanovka kəndinin mərkəzində “Real TV”-yə müsahibə verən Şahid3 ilə mübahisə etmiş və ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Şəxs orada olsa da Şahid3 ilə mübahisə etməmiş və nalayiq ifadələr işlətməmişdir. Şəxs ictimai qaydanı pozması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar