Məhkəmə qərarları › İş №3(037)-233/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-233/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-233/2025 08.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu Mican kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 08 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 08 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, icraatında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Şəxs 544 (beş yüz qırx dörd) manat 80 qəpik məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraatında olduğu müddətdə Şəxs bir neçə dəfə şöbəyə dəvət olunmuş və icra vərəqəsinin icrası ondan tələb olunmuşdur. Buna baxmayaraq Şəxs ötən müddət ərzində yalnız aliment məbləğindən 50 (əlli) manat pul ödəmişdir. Göründüyü kimi Şəxs icra vərəqəsinin icrasından boyun qaçırır. Qeyd etdikləri nəzərə alınmaqla protokola baxılaraq Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, günəmuzd fəhlə işləyir və təyin olunmuş aliment məbləğini ödəmək iqtidarında deyil. Aliment məbləğindən cəmi 50 (əlli) manat ödəniş etmişdir. Borcundan hazırda ödəniş edə bilmir, bir neçə günə işlədiyi işə görə alacağı var və həmin pulu aldıqdan sonra borcundan ödəniş edə bilər. Bundan başqa Bakı şəhərində özünə məxsus həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Zərərçəkmiş şəxs ilə aralarında razılıq olmuşdur. Belə ki, həmin razılığa əsasən Zərərçəkmiş şəxs hazırki günədək yaranmış aliment borcundan və oğlu X2 (yalnız bir uşaqa münasibətdə) yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş aliment məbləğindən imtina edəcək və o da, evi və həyətyanı torpaq sahəsini Zərərçəkmiş şəxs adına rəsmiləşdirəcək. Hazırda Zərərçəkmiş şəxs ona qarşı şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs Bakı şəhərində mülkiyyətində olan evi birgə nikah dövründə tikmişlər. Həmin torpaq sahəsinin alınmasında və evin tikintisində onunla valideynlərinin əməyi çox olmuşdur. Hazırda da, həmin evin tikintisi üçün götürülmüş krediti o ödəyir. Hazırda Şəxsla razılığa gəlmişdir. Həmin razılığa əsasən o, hazırki günədək yaranmış aliment borcundan və oğlu X2 (yalnız bir uşaqa münasibətdə) yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş aliment məbləğindən imtina edəcək və Xəyyamda evi və həyətyanı torpaq sahəsini onun adına rəsmiləşdirəcək. Hazırda Şəxs qarşı tələb və şikayəti yoxdur. Ona görə də, işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qətnaməsi üzrə verilmiş həmin tarixli icra sənədinə əsasən Şəxs 17 iyul 2010-cu il təvəllüdlü X2 və 14 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 avqust 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,681 misli həddində sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. “İcraata başlama haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraat başlanmış və tələbin könüllü icrası haqqında bildirişlər icraata başlamaq haqqında qərarla birlikdə Şəxs tərəfindən imzalanmaqla rəsmi qaydada əldə edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 08 iyul 2025-ci il tarixli arayışından görünür ki, borclu Şəxs icra vərəqəsi üzrə 5942.80 manat məbləğində borcun ödənilməsini təmin etməməklə icra məmuru tərəfindən verilmiş qanuni tələblərə əməl etməmişdir. Zərərçəkmiş şəxs 08 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, aliment borcunun əvəzi kimi evin və torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi ilə bağlı Şəxsla razılığa gəldiyi üçün, Şəxs qarşı tələb və şikayətinin olmadığını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs 08 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, aliment borcunun əvəzi kimi mülkiyyətində olan evin və torpaq sahəsinin Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsi ilə bağlı onunla razılığa gəlmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs aliment borcunun ödənilməsi ilə bağlı Şəxsla şifahi razılığa gəlmiş və ona qarşı tələb və şikayətinin olmadığı, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət təsbit edilmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Eyni zamanda Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar