Məhkəmə qərarları › İş №3(037)-234/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-234/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-234/2021 10.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 15, mənzil 3 -də yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli 2(037)-490/2017 saylı qətnaməsinə əsasən Şəxs 01 mart 2017-ci il tarixdən başlayaraq 14 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2(037)-1144/2017 saylı qətnaməsinə əsasən Şəxs 2950 manat dəyərində qızıl-zinyət əşyaları, həmin əmlaklar olmadıqda isə onların dəyərinin alınaraq X2 ödənilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədləri icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu həmin məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3200 (üç min iki yüz) manat aliment borcu və 2950 manat məbləğində qızıl-zinyət əşyalarının dəyəri ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 28 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədlərini vaxtında və tam icra etməmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və onun hazırda tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3200 (üç min iki yüz) manat aliment və 2950 manat məbləğində qızıl-zinyət əşyalarının dəyərinə görə ödənilməmiş borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli 2(037)-490/2017 saylı qətnaməsinə əsasən Şəxs 01 mart 2017-ci il tarixdən başlayaraq 14 aprel 2015-ci il təvəllüdlü Hüseyn Hacıyevin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan əlavə İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2(037)-1144/2017 saylı qətnaməsinə əsasən Şəxs 2950 manat dəyərində qızıl-zinyət əşyaları, həmin əmlaklar olmadıqda isə onların dəyərinin alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədləri icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəxs məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmiş və ona ödənilməli olan 3200 (üç min iki yüz) manat aliment borcunu və 2950 manat məbləğində qızıl-zinyət əşyalarının dəyərini ödəməmişdir. İzahatında qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, heç yerdə işləmir və maddi imkanı olmadığı üçün təyin olunmuş aliment məbləğini və 2950 manat məbləğində qızıl-zinyət əşyalarının dəyərinə görə ödənilməmiş qalmış borcunu vaxtında ödəyə bilməmişdir. Əvvəlki məhkəmə iclasında tələbkara olan borcundan 500 manat ödəniş etməyə dair vaxt istəsə də, təyin olunmuş vaxtadək qeyd edilən pul məbləğini tapa bilmədiyindən icra sənədləri üzrə tələbkara olan borcundan ödəniş edə bilməmişdir. Hazırda tələbkara olan 3200 manat aliment və 2950 manat məbləğində qızıl-zinyət əşyalarının dəyərinə görə ödənilməmiş qalmış borcundan hər hansı miqdarda ödəniş edə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 28 iyul 2021-ci il tarixli arayışından görünür ki, Şəxs tələbkar Gülnar Hacıyevaya 3200 (üç min iki yüz) manat aliment borcu və 2950 manat məbləğində qızıl-zinyət əşyaları və ya onların dəyərinə görə ödənilməmiş borcu var. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli 2(037)-490/2017 saylı qətnaməsinə əsasən Şəxs 01 mart 2017-ci il tarixdən başlayaraq 14 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli 2(037)-1144/2017 saylı qətnaməsinə əsasən Şəxs 2950 manat dəyərində qızıl-zinyət əşyaları, həmin əmlaklar olmadıqda isə onların dəyərinin alınaraq X2 ödənilməsi qət edilmişdir. İcra vərəqələri icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir.Qətnamələrin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Zərərçəkmiş şəxs ödənilməli olan 3200 (üç min iki yüz) manat aliment borcu və 2950 manat məbləğində qızıl-zinyət əşyaları və ya onların dəyəri ödənilməmiş qalmışdır. Bununla da Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 (on beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 10 avqust 2021-ci il tarixdə saat 16:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 10 avqust 2021-ci il tarixdə saat 16:25-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar