Məhkəmə qərarları › İş №3(037)-238/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-238/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-238/2025 15.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxx 1968-ci il tarixdə İsmayıllı rayonu Xanagah kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə 15 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 14 iyul 2025-ci il tarixdə, İsmayıllı rayon Polis Şöbəsinin qarşısında ictimai qaydanı pozması və polisin qanuni tələblərinə tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra –Məcəllə) 510 və 535.1-ci maddələri ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Səfa Əsgərov izahatında göstərdi ki, Şəxs həmin vaxt törətdiyi inzibati xətanın şahidi olmamışdır. Raport əsasında Şəxs barəsində protokol tərtib etmişdir. Protokola baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, həmin gün sərxoş vəziyyətdə olduğundan ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Lakin, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətməmiş və onlara qarşı hər hansı qanunsuz hərəkətlər etməmişdir. Həmin vaxt polis şöbəsinə dəvət olunmuş və heç bir etiraz etmədən şöbəyə getmişdir. Ümumiyyətlə o, polisin qanuni tələblərinə tabe olmama kimi hər hansı hərəkət etməmişdir. Sərxoş vəziyyətdə nalayiq ifadələr işlətdiyi üçün əməlindən səmimi peşmandır. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İsmayıllı rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 15 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin qarşısında, mərkəzi küçədə ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə məhəl qoymamışdır. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır və aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına həmin hissədə xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərinə hüquqi qiymət verərkən ilk olaraq onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda əksini tapan inzibati xəta ilə bağlı məsələyə münasibət bildirir. Belə ki, Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs 14 iyul 2025-ci il tarixdə, İsmayıllı rayon Polis Şöbəsinin qarşısında ictimai qaydanı pozması və polisin qanuni tələblərinə tabe olmamasını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda hadisənin şahidləri barədə heç bir qeyd edilməmiş, nə raportu tərtib etmiş şəxs, nə də digər şəxslər şahid qismində izahat vermək üçün məhkəməyə gətirilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Məcəllənin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məcəllənin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Eyni zamanda məhkəmə iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 14 iyul 2025-ci il tarixdə əsassız olaraq ictimai yerdə ictimai qaydanı pozmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi isə onun özünün etirafedici ifadəsindən başqa iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Həmin hissədə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Sözügedən maddəyə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. Belə ki, xırda xuliqanlığın törədilməsi zamanı ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Məcəllənin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənlərə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də onun barəsində təqsirləndirildiyi Məcəllənin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Məcəllənin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından bu maddə ilə icraata xitam verilməli, onun Məcəllənin 510-cu maddəsi ilə təqsirli olması yuxarıda sadalan sübutlarla öz təsdiqini tapdığından o, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar