Məhkəmə qərarları › İş №3(037)-242/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-242/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-242/2025 21.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və həmin protokola əlavə edilmiş sənədlərə 21 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İsmayıllı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 21 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Şəxs 3 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla cəmi 390 (üç yüz doxsan) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra müvafiq icra tədbirləri aparılmış və Şəxs ötən müddət ərzində aliment məbləğindən yalnız 400 (dörd yüz) manat məbləğində ödəniş etmişdir. Hazırda Şəxs 4280 (dörd min iki yüz səksən) manat aliment borcu vardır. Həmin borcun ödənilməsi Şəxs tələb olunduğu halda, o maddi imkanının olmadığını, nə vaxt işləyərsə həmin vaxt aliment borcundan ödəniş edəcəyini bildirmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, bir müddət Zəngilan rayonunda işləmiş və işlədiyi işə görə ona ödənilməli olan 1500 (min beş yüz) manat məbləğ hazırki günədək ödənilməmişdir. Heç yerdə işləmir və rəsmi iş yeri yoxdur. Bu səbəbdən təyin olunmuş aliment məbləğindən ödəniş edə bilmir. Ona 05 avqust 2025-ci il tarixədək vaxt verilərsə borcundan 100 (yüz) manat ödəniş edə bilər. Hazırda borcundan heç bir məbləğdə ödəniş edə bilmir. İş yeri tapdıqdan sonra borcundan ödənişlər edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Həmin evdə qardaşı da, ailəsi və üç uşağı ilə birlikdə yaşayır. Bu da uşaqların bir evdə təhsil almalarına çətinlik yaradır. Artıq uşaqları həm maddi , hə də mənəvi olaraq saxlamaqda çətinlik çəkir. Lakin Şəxs uşaqlara nə maddi, nə də mənəvi olaraq heç bir köməklik göstərmir. Bir müddət aliment borcunun ödənilməsində Şəxs güzəşt etsə də, onun aliment məbləğinin ödənilməsinə cəhd etdiyini görməmişdir. Bu səbəbdən aliment borcunun ödənilməsi ilə bağlı ona vaxt verilməsini istəmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin 2(037)-134/2024 saylı 29 iyul 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş 30 iyul 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlər iş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-134/2024 saylı 29 iyul 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş 30 iyul 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 29 iyul 2024cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq 08 oktyabr 2010-cu il tarixdə doğulmuş X2, 22 avqust 2013-cü il tarixdə doğulmuş X5 və 06 noyabr 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-134/2024 saylı 29 iyul 2024-cü il tarixli qətnaməsi üzrə verilmiş 30 iyul 2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Məmmədov X1 Rayon Məhkəməsinin 2(037)- 134/2024 saylı 29 iyul 2024-cü il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun tərəfindən aliment məbləğinin vaxtında və lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının qərəzli icra olunmamasındakı uzun müddəti, həmçinin aliment məbləğinin ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 iyul 2025-ci il tarixdən saat 15:30-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın və qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar