Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-246/2023 30.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mustafayev Rahim Seyfəddin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Ağsu rayonu Külüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu Xəlilli kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 30 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2 (008) - 2046/ 2019 saylı icra vərəqəsinə əsasən 18 yanvar 2019-cu il tarixdən Şəxs 28 iyul 2018-ci ildə doğulmuş Hümbətli Rüqəyya Amid qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X3 qızına ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqəsi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 1440 (min dörd yüz qırx) manat pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə 17 may 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Pərvanə Hümbətliyə ödənilməli olan 1440 (min dörd yüz qırx) manat aliment borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Şəxs ötən müddət ərzində təyin olunmuş aliment məbləğindən hər ay ödənişlər etsə də, bir neçə ayın aliment borcunu ödəməmiş və bu da tələbkarın haqlı şikayətinə səbəb olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Quliyeva (Hümbətli) Pərvanə Ramiz qızına lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 2019-cu ildən aliment məbləği təyin olunduqdan sonra mütəmadi olaraq aliment məbləğindən ödənişlər etmişdir. Lakin son bir neçə aydır ki, böyrəyində narahatlıq olmuş və heç yerdə işləməmişdir. Həmçinin atası da üç dəfə infakt keçirmişdir. Bu səbəbdən 9 ayın aliment borcunu ödəməmiş və 1440 (min dörd yüz qırx) manat borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra borcundan 800 (səkkiz yüz) manatını tələbkara ödəmişdir. Qalan borcunu iyun ayının sonunadək tam şəkildə ödəyəcəyini öhdəsinə götürür. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 17 may 2023-cü il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs tələbkar Pərvanə Hümbətliyə 1440 (min dörd yüz qırx) manat məbləğində aliment borcu vardır. 17 may 2023 və 30 may 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs cəmi 800 (səkkiz yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2 (008) - 2046/ 2019 saylı icra vərəqəsinə əsasən 18 yanvar 2019-cu il tarixdən Şəxs 28 iyul 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Amid Hümbətli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun tələbkar Zərərçəkmiş şəxs (Hümbətli) 1440 (min dörd yüz qırx) manat borcunun olduğu qeyd edilmişdir. Zabit İsayev iş məhkəmənin icraatında olduğu müddətdə borcundan 800 (səkkiz yüz) manatını tələbkara ödəmiş və 640 (altı yüz qırx) manat borcu qalmışdır. Şəxs məhkəmə iclasında qalan borcunu iyun ayının sonunadək tam şəkildə ödəyəcəyini vəd etmişdir. Göründüyü kimi Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmır. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-246/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-246/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver