Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-250/2023 23.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən e t d i m: İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 22 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs icra vərəqəsi üzrə 3215 (üç min iki yüz on beş) manat aliment borcunu X3 ödəməkdən yayınır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 3(037)-533/2022 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təsirli bilinərək 27 dekabr 2022-ci il tarixdə 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs eyni icra sənədinə münasibətdə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 27 dekabr 2022-ci il tarixdə inzibati qaydada həbs edilmişdir. İcra məmuru Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xəta törətmiş şəxsin əməlini AR İXM-nin maddəsi ilə düzgün tövsüf etməmiş, İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib etməli olduğu halda İXM-nin 528.1-ci maddəsi ilə tərtib etmişdir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Hazırki işin materiallarından görünür ki, inzibati xəta haqqında protokolda qanunvericilikdə nəzərdə tutulmuş, göstərilməsi zəruri olan bütün məlumatlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək və sair hüquqları vardır. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən iş üzrə tələbkar (zərər çəkmiş şəxs) X4 protokolu tərtib edən orqana dəvət edilməmiş, onun inzibati xəta haqqında işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatətlər, etirazlar vermək və sair hüquqları təmin edilməmiş, onun hazırki işə dair mülahizəsi dəqiqləşdirilmədən inzibati xəta haqqında protokol tərtib edilmiş, işə zərər çəkmiş şəxsin iştirakı ilə baxılması üçün onu dəvət etmək məqsədi ilə zəruri tədbirlər görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, hazırki inzibati xəta haqqında materiala təxirə salınmadan, yəni dərhal baxılmalıdır. Lakin məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş 22 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-250/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-250/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver