Məhkəmə qərarları › İş №3(037)-251/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-251/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-251/2023 05.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, İsmayıllı şəhəri, H.Zərdabi küçəsi, ev 2, mənzil 3-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 05 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2 (037) – 456/2021 nömrəli qətnaməsinə əsasən Şəxs 9292 (doqquz min iki yüz doxsan iki) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və Zərərçəkmiş şəxs ödənilməli olan 9292 (doqquz min iki yüz doxsan iki) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 22 may 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, məhkəməyə teleqramma ünvanlayaraq məhkəmə iclasına gələ bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs olan borcundan ödəniş edə bilməmişdir. Buna səbəb maddi imkanın olmamasıdır. Belə ki, üç övladı var. X1 2022-ci ildə baş, boyun və onurğa əməliyyatı keçirmişdir və bunun üçün xeyli vəsait xərcləmişdir. Bundan başqa oğlu Zeynal isə hazırda sümük xərçəngindən əziyyət çəkir və o da bu yaxınlarda əməliyyat olunacaqdır. Bütün bunlara baxmayaraq Zərərçəkmiş şəxs olan borcun ödənilməsindən yayınmaq niyyəti yoxdur və hazırda borcundan 1500 (min beş) yüz manatını tələbkara ödəmişdir. Qalan borcunu isə 4-5 ay müddətində tam şəkildə ğdəyəcəyini öhdəsinə götürür. Onun icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmaq niyyəti yoxdur. Maddi imkanı olmadığı üçün icra vərəqəsinin icrasını vaxtında və tam şəkildə icra edə bilməmişdir. Onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 22 may 2023-cü il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Zərərçəkmiş şəxs 9292 (doqquz min iki yüz doxsan iki) manat borcun ödnilməsini təmin etməmişdir. 05 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs 1500 (min beş yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(037)-456/2021 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə yaranmış 9292 (doqquz min iki yüz doxsan iki) manat məbləğində borcu Zərərçəkmiş şəxs ödəməkdən yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun tələbkar Zərərçəkmiş şəxs 9292 (doqquz min iki yüz doxsan iki) manat borcunun olduğu qeyd edilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra borcundan 1500 (min beş yüz) manatını tələbkara ödəmiş, qalan borcunu 4-5 ay müddətində tam şəkildə ödəyəcəyini vəd etmişdir. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar