Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-258/2021 17.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 17 avqust 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Şəxs 28 noyabr 2020-ci il tarixdə saat 10:00 radələrində İsmayıllı rayonu Basqal qəsəbəsində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X2 Qrupunun təhqiqatçısı Rüstəm Atakişiyevin 22 iyul 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti inzibati araşdırma aparılmasından, kifayət qədər əsaslar olduqda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən, həmçinin gələcəkdə oxşar münaqişələrin baş verməməsi üçün tərəflərlə müvafiq profilaktiki söhbətlər aparılmasından ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 17 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol 17 avqust 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə daxil olmuş və həmin gün məhkəmədə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində Zərərçəkmiş şəxs döyməsi 28 noyabr 2020-ci il tarixdə saat 10:00 radələrində qeyd olunmuşdur. Həmin vaxtdan sonra 10 iyun 2021-ci il tarixədək Şəxs barəsində Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar hər hansı tədbir görülməmiş, onun törətdiyi əməldə cinayət və ya inzibati xəta tərkibinin əlamətləri olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Yalnız 6 (altı) aydan artıq müddət keçəndən sonra - 10 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə İsmayıllı rayon Polis Şöbəsinə müraciət edərək Şəxs barəsində qanuna müvafiq tədbir görülməsi xahiş edilmişdir. Həmin müraciət əsasında İsmayıllı rayon X2 Qrupunda araşdırma aparılmağa başlanılmış və iş üzrə 22 iyul 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra həmin qərar əsasında Şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilən vaxtdan, yəni 28 noyabr 2020-ci il tarixdən sonra keçən 6 (altı) ay ərzində onun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmiş, eyni zamanda, müvafiq orqan tərəfindən inzibati araşdırma aparılmasına da başlanmamışdır. Şəxs iş üzrə inzibati araşdırma aparmaq səlahiyyətinə malik olan orqandan qaçıb gizlənməsi halları da müəyyən edilməmişdir. Bununla da, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət inzibati xəta hadisəsi törədilən vaxtdan 3 (üç) ay sonra - 28 fevral 2021-ci il tarixdə başa çatmış hesab olunur. Həmin müddətin başa çatmasından 5 (beş) aydan artıq vaxt keçmişdir. İnzibati xətanın törədildiyi gündən uzun bir müddət keçdikdən sonra hər hansı səbəbdən araşdırma aparılmağa başlanaraq cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edilməklə inzibati xəta törətmiş şəxsin barəsində qeyd olunan qərarın qəbul edilməsindən sonrakı 3 (üç) ay ərzində inzibati tənbeh tədbiri tətbiq edilməsi inzibati xəta törədən şəxsin vəziyyətini süni şəkildə ağırlaşdırır. İnzibati xəta törətmiş şəxsin qaçıb gizləndiyi halda belə, inzibati xəta hadisəsinin törədilməsindən sonra 2 (iki) il müddətin keçməsi ilə həmin şəxsin inzibati məsuliyyətə cəlb edilə bilməyəcəyini də nəzərə alaraq, inzibati məsuliyyətə cəlb olunmasına hər hansı maneə törətməmiş şəxsin qeyri-müəyyən müddət ərzində barəsində inzibati tənbeh tətbiq ediləcəyi təsiri altında qalması onun mənafeyinə, eyni zamanda, qanunun məqsədinə və maraqlarına uyğun hesab edilə bilməz. İnzibati xəta hadisəsi törətmiş şəxsin inzibati tənbehə məruz qala bilməsi üçün qanunvericilikdə başqa bir müddət olaraq cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən sonra 3 (üç) ay müddət müəyyən edilmişdir. Ancaq məhkəmə hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən sonra 3 (üç) ay keçənədək inzibati tənbeh verilməsi yalnız inzibati xətanın törədildiyi gündən 3 (üç) ay keçənədək araşdırma aparılmağa başlandığı halda mümkündür. Hazırki iş üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 iyul 2021-ci il tarixli qərar qəbul edildiyi gündən 3 (üç) ay müddət keçməsə də, inzibati xəta hadisəsi törədilən vaxtdan iş üzrə araşdırma aparılmağa başlanılanadək 6 (altı) aydan artıq müddət keçdiyindən hazırki vəziyyətdə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi onun hüquqi vəziyyətinin ağırlaşdırılması deməkdir. İnzibati məsuliyyətə cəlb edilmək üçün qanunla müəyyən edilmiş müddət keçəndən sonra araşdırma aparılmağa başlanılması, araşdırma aparılmağa hansı səbəbdən gec başlanılmasından və araşdırmanın nəticəsindən asılı olmayaraq şəxsin qanunla müəyyən edilmiş müddət keçəndən sonra inzibati məsuliyyətə cəlb edilməsinə və onun inzibati qaydada tənbeh edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına, inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-258/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-258/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver