Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-258/2025 18.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə 18 avqust 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş X5 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, mülkiyyətində olan həyətyanı torpaq sahəsində 6-7 il bundan öncə evinə yardımçı tikili tikmiş, lakin həmin tikili dam örtüyü yarımçıq qalmışdır. Evi magistral yola yaxın olduğundan bir neçə dəfə icra hakimiyyəti tərəfindən tikilinin divarlarının rənglənməsi ondan xahiş olunmuşdur. Bu ilin iyun ayının ortalarında həmin tikilinin dam örtüyünü örtmüş və divarlarını rəngləmişdir. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 müvafiq sənədlərə imza etməsini tələb etmişdir. O, sənədlərə baxış keçirərkən tikintinin dayandırılmasının ondan tələb olunduğunu görmüşdür. O, əməkdaşa heç bir tikinti işləri aparmadığını, həmin tikilinin 2018-ci il tarixdə başa çatdığını bildirmiş və sənədlərə imza çəkməmişdir. Əməkdaş ona imza edib-etməməsindən aslı olmayaraq onun barəsində inzibati qaydada tədbir görüləcəyini bildirmiş və növbəti gün idarəyə dəvət olunmuşdur. O, yenidən heç bir tikinti işləri aparmadığını, tikilinin çölə heç bir çıxışının olmadığını, həmin tikilinin girişinin evinin dəhlizindən olmasını bildirmişdir. Buna baxmayaraq onun barəsində qərar qəbul edilərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar əsassız, qanunsuz və qərəzli olaraq qəbul edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəis müavini X3 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, İsmayıllı şəhəri, Ş.Seyfəliyev küçəsi, 1 ünvanında inşa olunan qeyri yaşayış obyektinin tikintisinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0432 N-li qərara əməl olunmadığına görə X5 İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məcəllənin 394.0.7-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin şikayət ərizəsi və iş materiallarından və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəis müavini X3 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, İsmayıllı şəhəri, Ş.Seyfəliyev küçəsi, 1 ünvanında inşa olunan qeyri yaşayış obyektinin tikintisinin dayandırılması barədə Agentlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0432 N-li qərara əməl olunmadığına görə X5 İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Yaqub Əhmədova tikintinin dayandırılması barədə çıxarılmış qərarın təqdim edilməsi, həmçinin əsaslılığı barədə həmin Agentlik tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X4 şikayəti qismən təmin olunmalı və həmin agentlik tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin rəis müavini X3 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №3(037)-258/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-258/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver