Məhkəmə qərarları › İş №3(037)-260/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-260/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-260/2021 02.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxx 1993-cü il tarixdə İsmayıllı rayonu Təzəkənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 02 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 10 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayonu Lahıc qəsəbə yolunda Şəxs bir baş inək malını yolda nəzarətsiz qoyması, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Tofaş Şahin” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin malı vurması, nəticədə “Tofaş Şahin” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi və avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 xəsarət alması faktı üzrə İsmayıllı rayon X2 Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun 11 avqust 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon X4 X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə 17 avqust 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 10 iyul 2021-ci il tarixdə ona məxsus bir baş inək malı İsmayıllı rayonu Lahıc qəsəbə yolunda sonradan tanıdığı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Tofaş Şahin” markalı avtomobillə vurulmuşdur. O, sonradan həmin əraziyə gəlmiş və malın tələf olduğunu görmüşdür. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ondan tələb və şikayəti yoxdur. Hazırda əməlindən peşmandır və ona qanunda nəzərdə tutulan daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verək göstərdi ki, 10 iyul 2021-ci il tarixdə idarə etdiyi “Tofaş Şahin” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Lahıc qəsəbəsində hərəkətdə olarkən, qəflətən yola bir baş inək malı çıxmış və həmin malı vurmuşdur. Həmin mal tələf olmuş və avtomobildə olan tanışı Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almışdır. Hazırda onun Şəxs tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zərərçəkmiş şəxs1 30 mart 2019-cu il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. 10 iyul 2021-cu il tarixli 276 nömrəli tibbi müayinə protokolunun surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 10 iyul 2021-ci il tarixdə saat 15:20-də tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. “X3 Servis Mərkəzi” tərəfindən verilmiş 27 iyul 2021-ci il il tarixli qüsur aktından görünür ki, “Tofaş Şahin” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilə 2440 (iki min dörd yüz qırx) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1 278 №-li 02.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət –sağ saidin yarası küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 10 iyul 2021ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İsmayıllı rayon X2 Bölməsinin təhqiqatçısı Çəhriyar Fərəcovun 11 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar şöbənin X6 Böləsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 10 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayonu Lahıc qəsəbə yolunda Şəxs bir baş inək malını yolda nəzarətsiz qoymuş, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Tofaş Şahin” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin malı vurmuşdur. Nəticədə “Tofaş Şahin” markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş və avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar