Məhkəmə qərarları › İş №3(037)-261/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-261/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-261/2025 12.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İsmayıllı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3 və 590.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İsmayıllı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş 10 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İsmayıllı rayonu Soltankənd kəndi ərazisindəki meşə sahəsində qanunsuz ov etdiyi üçün onun əməli müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tövsif edilmişdir. Məcəllənin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2024-cü il 72-VİİQD Qanunla sözügedən maddənin dispozisiyasına müvafiq dəyişiklik edilmiş (“ov” sözü “balıq və digər su bioresurslarının ov etmək” sözləri ilə əvəz edilmiş) və həmin Qanunla Məcəlləyə “Ov etmək qaydalarının pozulması”na görə inzibati məsuliyyət müəyyən edən 272-1-ci maddə əlavə edilmişdir. Belə ki, Məcəllənin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İş materiallarından göründüyü kimi şəxsin barəsində tərtib edilmiş protokol ona istinad edilən əmələ, yəni inzibati məsuliyyət müəyyən edən Məcəllənin 272-1-ci maddəsinə görə deyil, Məcəllənin 272.3-cü maddəsinə əsasən tərtib edilmişdir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmazlıqları işə baxılarkən aradan qaldırmaq mümkün deyildir. Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şəxs barəsində Məcəllənin 272.3 və 590.2-ci maddələri ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş 10 avqust 2025-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər İsmayıllı rayon Polis Şöbəsinə qaytarılsın. Bu qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar