Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-263/2021 26.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 26 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 16 iyul 2021-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşadığı evin həyətində arvadı Zərərçəkmiş şəxs1 və qayınanası Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı sonunculara sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onları qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Nurlan Atakişiyevin 12 avqust 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 25 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ağacan Qarayev izahatında göstərdi ki, Şəxs 16 iyul 2021-ci il tarixdə saat 11:00 radələrində Kürdmaşı kəndində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxslərə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, arvadı Ülviyyə ismayıllı rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. 16 iyul 2021-ci il tarixdə Ülviyyə onun razılığı olmadan azyaşlı uşağı ilə birlikdə valideynlərinin yaşadığı evə getmişdir. O, həmin vaxt qaynanası Vəfaya zəng edərək Ülviyyənin təcili evə gəlməsini tələb etmişdir. Bir qədər sonra Ülviyyə azyaşlı oğlu ilə birlikdə evə gəlmiş və anası Xəzəngül Ülviyyədən evə nə səbəbə gec gəldiyini soruşmuşdur. Bu zaman Ülviyyə anasına kobud cavab vermiş və o bundan bərk əsəbləşərək Ülviyyəni bir neçə dəfə sillə ilə vurmuşdur. Həmin vaxt Ülviyyənin çiynində olan çantanı dartmış və çantanın ipi Ülviyyənin boğazını sıxmışdır. Atası Hüseyn onları ayırmış və münaqişə sona çatmışdır. Həmin gün saat 19:00 radələrində Ülviyyə onlardan xəbərsiz qonşuları Mehdinin evinə getmiş və anası Vəfaya zəng edərək gəlib onu aparmasını istəmişdir. Bir qədər sonra Vəfa onlara gəlmiş və həyətə daxil olan kimi səs-küy salmağa başlamışdır. Ülviyyə isə evə gedərək uşağı götürmüş və tövləyə tərəf gedərək küçəyə açılan qapını açaraq küçəyə çıxmaq istəmişdir. Vəfa da Ülviyyənin getdiyini görüb onun arxasınca getmişdir. Onlar küçədə gözləyən taksiyə əyləşmiş və o taksi sürücüsünün gözləməsini xahiş etmişdir. O, Ülviyyənin və uşağının getməsini istəmədiyi üçün bir qədər onların qalmasını məcbur etmişdir. Orada bir qədər mübahisə etdikdən sonra heç bir nəticə olmayacağını görüb onların getməsinə mane olmamışdır. Həmin vaxt qayınatası Vüqar orada olsa da heç nəyə qarışmamışdır. O, Ülviyyəni döysə də Vəfanı vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Vəfa qaçarkən yerə yıxılaraq xəsarət almışdır. O, ailəsini və övladını cox sevir. Ailəsinin dağılmamasını, barışaraq bir yerdə yaşamalarını istəyir. Törətdiyi əməldən son dərəcə peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulan daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, İsmayıllı rayon Mərkəzi xəstəxanasında tibb bacısı işləyir. İşi ilə bağlı gecələri növbətçi qalır. Gecələri növbətçi qaldığı vaxtlarda hərdən azyaşlı uşağını anasının yanına saxlayır. 15 iyul 2021-ci il tarixdə də gecə növbəsində olduğu üçün uşağı anasının yanında saxlamışdır. 16 iyul 2021-ci il tarixdə işdən çıxdıqdan sonra valideynlərinin yaşadığı evə getmişdir. Anası həmin vaxt işdə olmuş və bir qədər sonra ona zəng edərək Rəcəbin təcili olaraq onun evə qayıtmasını tələb etdiyini bildirmişdir. O, atası ilə birlikdə taksiyə əyləşərək Kürdmaşı kəndinə getmişdir. Həyətə daxil olduqda qayınanası Xəzəngül onu danlamağa başlamışdır. O, heç bir söz demədən evə qalxmışdır. Xəzəngül onun yanına gələrək mübahisə etmiş və saçından tutaraq dartmışdır. Həmin vaxt Rəcəb anasını kənara çəkib özü onu döyməyə başlamışdır. Rəcəb onu sillə və yumruqla vurmuş, əl çantasının ipi ilə boğazından tutaraq boğmağa çalışmışdır. Həmin vaxt Rəcəbin atası Hüseyin onu Rəcəbi əlindən almış və Rəcəbi oradan uzaqlaşdırmışdır. Sonradan üzünün və gözünün şişdiyini görüb, qonşuya gedərək anasına zəng edib onu gəlib aparmasını xahiş etmişdir. Bir qədər sonra anası və atası oraya gəlmiş və onların həyətə daxil olduqlarını gördükdən sonra o da həyətə qayıtmışdır. Həyətə daxil olan kimi Rəcəb əlindəki dəhrəylə ona hücum etmək istəmişdir. Hüseyn Rəcəbin əlindəki dəhrəni almış və onu vurmasına mane olmuşdur. Sonra o, oğlu Vasifi qucağına alaraq oradan getmək istəmişdir. Bu zaman Rəcəb onu uşaqla birlikdə tövləyə salmış, qapını bağlayaraq onu döyməyə başlamışdır. Vəfa tövlənin qapısını zorla açmış və onları ayırmağa çalışmışdır. Rəcəb həmin vaxt Vəfanın saçından yapışaraq başın divara vurmuş, yerə yıxaraq təpiklə belindən bir neçə dəfə vuruşdur. O, cəld uşağı götürərək küçə qapısına çıxmış və küçədə gözləyən taksiyə əyləşmişdir. Rəcəb də onların arxasınca gələrək avtomobilin qabaq oturacağına oturmuş və həmin vaxt Vəfa da avtomobilə əyləşmişdir. Rəcəb Vəfanın qucağında olan uşağı almağa çalışmış və yenidən Vəfanın saçından tutaraq dartmışdır. Həmin vaxt yaxınlıqda olan qonşular oraya gələrək Rəcəbi sakitləşdirərək oradan uzaqlaşdırmışlar. Hazırda Rəcəbi bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Rəcəb barəsində qanunda nəzərdə tutulan cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verərək göstərdi ki, 16 iyul 2021-ci il tarixdə iş yerində olarkən kürəkəni Rəcəb ona zəng edərək təcili Ülviyyənin evə qayıtmasını tələb etmişdir. O, əri Vüqara zəng edərək Ülviyyəni əri evinə aparmasını xahiş etmişdir. Həmin gün işdən evə gəldikdən sonra Ülviyyə qonşudan ona zəng etmiş və gəlib onu oradan aparmasını xahiş etmişdir. Vüqarla birlikdə taksiyə əyləşərək Rəcəbin yaşadığı Kürdmaşı kəndinə getmişdir. Həyətə daxil olduqda Ülviyyənin qonşudan gəldiyini görmüşdür. O, Rəcəbdən Ülviyyəni niyə bu hala qoyduğunu soruşduqda Rəcəb əlindəki dəhrəylə onlara hücum etməyə çalışmışdır. Bu zaman Hüseyn Rəcəbin əlindəki dəhrəni almışdır. Ülviyyə uşağı götürdükdən sonra Rəcəb onları tövləyə salmış və Ülviyyəni döyməyə başlamışdır. O, tövlənin qapısını zorla açmış və içəri daxil olaraq Ülviyyəni Rəcəbin əlindən almağa çalışmışdır. Bu zaman Rəcəb onun saçından tutaraq başından yumruq zərbələri vurmuş və başını divara çırpmışdır. O yerə yıxıldıqdan sonra Rəcəb onun kürəyindən təpiklə vurmağa başlamışdır. Ülviyyə uşağı götürərək küçəyə çıxmış və Rəcəb bunu görərək onların arxasınca getmişdir. Dərhal o da küçəyə çıxmış və onları gözləyən taksiyə əyləşmişdir. Rəcəb də həmin avtomobilin qabaq oturacağına oturaraq uşağı onun qucağından almağa çalışmışdır. Həmin Rəcəb yenidən onun saçından tutaraq dartmışdır. Həmin vaxt yaxınlıqda olan qonşular oraya gələrək Rəcəbi sakitləşdirərək oradan uzaqlaşdırmışlar. Hazırda Rəcəbi bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Rəcəb barəsində qanunda nəzərdə tutulan cəza verilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Nurlan Atakişiyevin 12.08.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 göndərilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X2 271 №-li 23 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ qaş üstü nahiyyənin bir ədəd qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 16 iyul 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-Tibbi Ekspertiza və X2 272 №-li 23 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ gözün üst qapağının, gözün bayır səthinin, sağ bazunun orta 1/3-də, sol almacıq nahiyyəsində, sağ kürək altının qançırları, sol ayaq üstünün sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 16 iyul 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 16 iyul 2021-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşadığı evin həyətində arvadı Zərərçəkmiş şəxs1 və qayınanası Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı sonunculara sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onları qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-263/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-263/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver