Məhkəmə qərarları › İş №3(037)-266/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-266/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-266/2020 20.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti inspektoru x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi x2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işləməyən, eyni inzibati xətanı il ərzində təkrar törətməklə inzibati məsuliyyətə cəlb olunmuş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 20 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 07 iyul 2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində “VAZ 2107” markalı ** GB *** dövlət qeydiyyat nömrəli avtomobilini idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Hafiz Ağayev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin polis serjantı Şahid1 izahatında göstərdi ki, 07 iyul 2020-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşları şəhər ərazisində xidmətdə olarkən “VAZ 2107” markalı ** GB *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü İsmayıllı şəhəri, M.Orucov küçəsində yüksək sürətlə avtomobili işıqforuun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün ona saxla işarəsi verilsədə həmin avtomobilin sürücüsü, sonradan şəxsiyyəti məlum olan Şəxs avtomobili saxlamamış və ziqzaqvari hərəkətlər edərək həmin ərazidən uzaqlaşmışdır. Polis əməkdaşları həmin avtomobili müşayiət edərək sürücüyə dəfələrlə saxla işarəsi vermişdir. Sürücü avtomaşını yüksək sürətlə idarə edərək, işıqforun qırmızı işığında hərəkətini davam etdirərək, ictimai qaydanı, əhalinin dincliyini və yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmuşdur. Sürücü ərazidən uzaqlaşmış və hazırki günədək onun polis şöbəsinə gətirilməsi mümkün olmamışdır. Şəxs əvvəllər də eyni əməli törətdiyi üçün İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanunda nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 07 iyul 2020-ci il tarixdə saat 21:00 radələrində özünə məxsus idarə etdiyi “VAZ 2107” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, M.Orucov küçəsində hərəkətdə olarkən işıqforun qadağan edici işığında sürətlə keçdiyi üçün post patrul xidməti əməkdaşları onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. O, avtomobili saxlamayıb həmin ərazidən uzaqlaşmışdır. Polis əməkdaşları onu müşayiət etmiş və o, idarə etdiyi avtomobillə Fizuli küçəsinə doğru hərəkət edərək yaşayış məntəqəsinə daxil olmuşdur. O, avtomobili yüksək sürətlə idarə etdiyindən polis əməkdaşları ona çata bilməmişdir. Bundan sonra polis əməkdaşlarının onu axtardığını bilmiş və bir neçə gün avtomobilini idarə etməmişdir. O, eyni əməli 2019-cu il tarixdə törətdiyi üçün İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə 45 gün müddətinə inzibati qaydada həbs olunmuş və sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmışdır. 20 iyul 2020-ci il tarixdə polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. İş üzrə qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyü polis nəfəri Şahid2 izahat verərək göstərdi ki, 07 iyul 2020-ci il tarixdə saat 21:00 radələrində polis serjantı x3 şəhəri, M.Orucov küçəsində xidmətdə olarkən, “VAZ 2107” markalı ** GB *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü İsmayıllı şəhəri, M.Orucov küçəsində yüksək sürətlə avtomobili işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün ona saxla işarəsi vermişlər. Sürücü avtomobili saxlamayaraq, ziqzaqvari hərəkətlər edərək həmin ərazidən uzaqlaşmışdır. Dərhal bu barədə yol patrul xidməti əməkdaşlarına məlumat vermişlər. Həmin avtomobili müşayiət edərək sürücüyə dəfələrlə saxla işarəsi vermişdir. Sürücü avtomaşını yüksək sürətlə idarə edərək, ictimai qaydanı, əhalinin dincliyini və yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmuşdur. Sürücü ərazidən uzaqlaşmış və onun tapılması mümkün olmamışdır. İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 3(037)-339 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 45 (qırx beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikasının Əmək və x4 Nazirliyi yanında Dövlət x6 İsmayıllı rayon Şöbəsinin 20 iyul 2020-ci il tarixli, **********7 saylı arayışından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almadığı qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 07 iyul 2020-ci il tarixdə saat 21:00 radələrində İsmayıllı rayonu ərazisində “VAZ 2107” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxstərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə Şəxs inzibati xətanı il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 2 (iki) ay (altmış gün) müddətində inzibati həbs edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 20 iyul 2020-ci il tarixdən saat 12:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 30, 33, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 02 (iki) ay (altmış gün) müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 20 iyul 2020-ci il tarixdə saat 12:25-dən hesablansın. İnzibati həbs müddəti 18 sentyabr 2020-ci il tarixdə saat 12:25-də başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar