Məhkəmə qərarları › İş №3(037)-282/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-282/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-282/2021 04.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayəyt oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 05 avqust 1994-cü il tarixdə İsmayıllı rayonu, Zərnava kəndində doğulmuş, İsmayıllı rayonu, Zərnava kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi 65E9XY Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə 04 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Şəxs İsmayıllı Rayon Məhkəməsinin 2(010)-2429/2019 saylı, 30.07.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, İsmayıllı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 20.09.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0207)-2429/2019 saylı, 30.07.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 30.07.2019-cu il tarixdən başlayaraq iki uşağın saxlanması üçün hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment alınaraq X1 ödənilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçun ona xəbərdarlıq ünvanlanmaqla icra vərəqəsinin və qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. Lakin borclu icranı təmin etməmiş və göndərilmiş məktublara heç bir münasibət bildirməmişdir. Hazırda borclunun ödənilməmiş 7260 manat aliment borcu vardır. Məhkəmə iclasında İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emin Bağırov protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, icra sənədləri üzrə borcunu icra etməmiş, icra sənədinin icrasından qərəzli yayınmış, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. Bununla da borclu Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilənlərlə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi Nümayəndə izahatında borclunun borcunu ödəməkdən qəsdən yayındığını göstərərək, qızının uşaqlarını saxlamaqda çətinlik çəkdiyini və ona görə də borcun ödənilməsinə köməklik göstərilməsini, borcun hamısının tam ödənilməsini, əks təqdirdə inzibati həbs tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında icra sənədi üzrə borcunu pandemiya ilə əlaqədar işləyə bilmədiyini, maddi vəziyyəti ağır olduğundan yerinə yetirə bilmədiyini göstərdi. Əlavə olaraq bildirdi ki, hazırda 1100 manat ödəyə biləcəyini, qalan məbləği isə hissə-hissə ödəyəcəyinə söz verdiyini, yeni ailə qurduğunu və yoldaşının hamilə olduğunu nəzərə alaraq, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0207)-2429/2019 saylı, 30.07.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, borclu Şəxs 30.07.2019-cu il tarixdən başlayaraq iki uşağın saxlanması üçün hər ay hər uşağa 160 manat sabit pul məbləğində aliment alınaraq X1 ödənilməsi qət edilmişdir. -İcraata başlama haqqında 30.07.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0207)-2429/2019 saylı, 30.07.2019-cu il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs icra sənədlərinin icrasını təmin etmədiyini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, maddi vəziyyətini, işin hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edilməsinə baxmayaraq, həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinin Şəxs tətbiq olunan həbs inzibati tənbeh növünün həddini müəyyən edərkən nəzərə alınmasını mümkün hesab edir. Belə ki, sözügedən maddə Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilmədiyini təsbit edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Fətalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 04 oktyabr 2021-ci il tarixdə saat 13:30-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar