Məhkəmə qərarları › İş №3(037)-282/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-282/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-282/2023 16.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, Kürdəmir rayonu Qarabucaq kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 16 iyun 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2 (037) – 66 / 2021 saylı qətnaməsi üzrə verilmiş 01 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən 09 dekabr 2020ci il tarixdən başlayaraq Şəxs 11 dekabr 2003-cü il təvəllüdlü X2 və 23 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 110 (yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 3095 (üç min doxsan beş) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 iyun 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs qeyd olunan icra vərəqəsinin icrası ilə əlaqədar aliment məbləğindən ödənişlər etsə də, bir neçə ayın aliment məbləğini ödəməmiş və 3095 (üç min doxsan beş) manat borcu yaranmışdır. Şəxs 2021-ci ilin ilk aylarına kimi aliment məbləğindən ödəniş etmişdir. Lakin həmin tarixdən sonra icra vərəqəsinin icrasından müxtəlif bəhanələrlə boyun qaçırmış və icra vərəqəsini tam şəkildə icra etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, aliment məbləği təyin olunduqdan sonra mütəmadi olaraq hər ay ödənişlər etmişdir. Lakin, 2021-ci il tarixdən ayağında olan prablemlərlə bağlı müalicə almışdır və heç yerdə işləmir. Bir neçə gün bundan öncə həkim qəbulunda olmuş və onun ayağının birinin kəsiləcəyi bildirilmişdir. O, buna etiraz etmiş və ayağının kəsilməyinə icazə verməmişdir. Onun maddi vəziyyəti olduqca ağırdır. Hazırda Kürdəmir şəhərində bacısının yanında yaşayır və yalnız qohumlarından bacısı ona köməklik edir. Həmin aliment məbləğini tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Qətnamənin icrasında boyun qaçırmır və səhhəti yol vermədiyi üçün işləyib aliment borcundan ödənişlər edə bilmir. Səhhəti düzədikdən və iş yeri tapdıqdan sonra borcundan hər ay ödənişlər edəcəyini öhdəsinə götürür. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Nəbiyeva (Tağıyeva) Pərvanə Fazil qızı hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 16 iyun 2023-cü il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə 1561 (min beş yüz altmış bir) manat məbləğində alimentin ödənilməsini təmin etmiş, 3095 (üç min doxsan beş) manat məbləğində aliment borcunun ödənilməsini təmin etməkdən yayınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2 (037) – 66 / 2021 saylı qətnaməsi üzrə verilmiş 01 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən 09 dekabr 2020-ci il tarixdən başlayaraq Şəxs 11 dekabr 2003-cü il təvəllüdlü X2 və 23 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 110 (yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs aliment məbləği təyin olunduqdan sonra 1561 (min beş yüz altmış bir) manat məbləğində alimentin ödənilməsini təmin etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi xəstəlik kağızlarından göründüyü kimi, o, ayağı ilə bağlı müalicə almışdır. Buna görə də, Şəxs səhhəti ilə bağlı heç yerdə işləyə bilməmiş və bu səbəbdən onun 3095 (üç min doxsan beş) manat aliment borcu yaranmışdır. Bütün bunlar Şəxs qətnamənin icrasını üzrlü səbəbdən icra etməməsi kimi qiymətləndirilməlidir. Şəxs inzibati qaydada həbs olunması onun səhhətində daha da çətinliklər yaradacaqdır. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar