Məhkəmə qərarları › İş №3(037)-288/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-288/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-288/2020 30.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1960-cı ildə İsmayıllı rayonu Qubaxəlilli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:00 radələrində İsmayıllı rayonu Qubaxəlilli kəndində qudası Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüqar Qarayevin xx xxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Rəhim Bədəlov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 izahatında göstərdi ki, Şəxs qudası Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, oğlu Arzu ilə Rəsmiyyə rəsmi nikahla ailə qurmuş və nikahlarından iki övladları vardır. xx xxxx 2020-ci il tarixdə yaşadıqları evdə Rəsmiyyə ilə Arzu arasında mübahisə yaranmışdır. Həmin gün Rəsmiyyə uşaqlarla birlikdə anası Narxanımın evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə o, nəvələrini yaşadığı evinə gətirmək üçün Narxanımın evinə getmişdir. O, nəvələri ilə görüşmüş və onları evinə aparmaq istəmişdir. Bu zaman Narxanım uşaqları onun əlindən almış və onun həyətdən çıxmasını tələb etmişdir. Narxanımla aralarında mübahisələri olsa da o, Narxanımı vurmamış, qolundan dişləməmiş və ona hər hansı bir xəsarət yetirməmişdir. Narxanımın dedikləri şər və böhtandır. Onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 2009-cu il tarixdə qızı Rəsmiyyə ilə Arzu Miriyev rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar və nikahlarından iki övladları vardır. xx xxxx 2020-ci il tarixdə Rəsmiyyə əri Arzu tərəfindən döyüldüyü üçün az yaşlı uşaqları birlikdə onun yaşadığı evə gəlmişdir. xx xxxx 2020-ci il tarixdə qudası Əlimösüm onun yaşadığı evə gələrək nəvələrini və Rəsmiyyəni aparmaq istəmişdir. O, Rəsmiyyənin tez-tez döyüldüyünü bildiyi üçün nəvələrini və Rəsmiyyənin getməsinə etiraz etmişdir. Əlimösüm uşaqların qolundan tutaraq apararkən o, uşaqları buraxmamış və bu zaman Əlimösüm onun sağ qolundan dişləmişdir. Əlimösüm uşaqları apara bilmədiyini görüb çıxıb getmişdir. Hazırda o, Əlimösümü bağışlamamış və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid X4 izahat verərək göstərdi ki, 2009-cu il tarixdə Arzu Miriyevlə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar və nikahlarından iki övladları vardır. xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində yaşadıqları evdə olarkən Arzu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Arzu onu döşəmə silən taxta ilə vurmuş, daha sonra qolundan tutaraq onu sürümüş və evdən çıxmasını tələb etmişdir. O, həmin gün azyaşlı uşaqları ilə birlikdə evdən çıxmış və anasının yaşadığı evə getmişdir. xx xxxx 2020-ci il tarixdə Əlimösüm onlara gələrək uşaqlarını aparmaq istəmişdir. Bu zaman Narxanım uşaqları aparmasına icazə verməmiş və Əlimösümlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Əlimösümün Rəsmiyyənin qolundan dişləməsini görməmişdir. Bir qədər sonra Əlimösüm çıxıb getmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X5 247 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X1 saidin səthi yaraları küt əşya (alət) təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Vüqar Qarayevin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, iş üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxsin, şahidin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:00 aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyməsi göstərilmişdir. Lakin həmin inzbati xətanın Şəxs tərəfindən törədilməsi faktı üzrə işdə kifayət qədər sübutlar yoxdur. Belə ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:00 radələrində İsmayıllı rayonu Qubaxəlilli kəndində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq onu qəsdən döyməsini görən hər hansı bir şəxs olmamışdır. İş üzrə şahid qismində izahat vermiş X6 da Şəxs anası Zərərçəkmiş şəxs vurduğunu və ya ona hər hansı bir xəsarət yetirdiyini görmədiyini bildirmişdir. Şəxs Zərərçəkmiş şəxs döyməsini Zərərçəkmiş şəxs özündən başqa təsdiq edən digər sübut yoxdur. Şəxs Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq onu qəsdən döyməsini və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmamışdır və həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədilməsi istisna edilir. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından, habelə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar