Məhkəmə qərarları › İş №3(037)-290/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-290/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-290/2022 18.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsinin 22 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X3 onun barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair 29 iyun 2022-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, barəsində tərtib olunmuş protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, onun hərəkətlərində heç bir hüquqpozma əməli mövcud deyil. İnzibati orqan onun və ailəsinin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 50 kv.metr hissəsində tikinti işləri aparmaqla Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpağın kateqoriyasının dəyişdirməsini əsas gətirərək onu inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Həmin Məcəllədə qeyd edilir ki, torpaq mülkiyyətçisinin hüquqları sırasında torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüququnun olması qeyd edilir. O qanunun həmin imkanlarından istifadə edərək qeyd olunan torpaq sahəsində gələcəkdə əmək alətlərinin və əldə edilən meyvələrin yığılması, qablaşdırılması və saxlanması üçün 2021ci ildən tikinti işlərinə başlamışdır. İnzibati protokolu tərtib etmiş orqan mövcud tikintinin təyinatını müəyyənləşdirmədən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 80-ci maddəsində qeyd edilən torpaq mülkiyyətçisinin hüquqları sırasında “torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililərin və qurğular inşa etmək hüququnun olması əsasını nəzərə almadan inzibati protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edilərək inzibati qaydada cərimə olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 22 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin nümayəndəsi X6 hazırki iş üzrə Rəfail İsmayılovun şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, Rəfail İsmayılov özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşayış evinin tikilisinə başlamışdır. Bununla bağlı Rəfail İsmayılova xəbərdarlıq edilmiş və qanunsuz tikilinin dayandırılması barədə məlumat verilmişdir. Rəfail İsmayılov tikinti işlərini davam etdirdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib və bundan sonra barəsində inzibati xəta haqında qərar qəbul edilərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Rəfail İsmayılov həmin torpaq sahəsində müvəqqəti olaraq qurğulardan istifadə etməklə tikili tikə bilər. X4 inşa etdiyi tikili daş hasardan və beton örtükdən ibarət yaşayış evidir. Ona görə də, Rəfail İsmayılovun şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. JN - 139 (KOD ********) nömrəli 28 aprel 2000-ci il tarixli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 2,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 07 iyun 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 İsmayıllı rayonu Qalacıq kəndində özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,2018 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təqribən 50 kv.metr hissəsində tikinti işlərinin aparması faktı aşkar edilmişdir. 22 iyun 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,2018 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təqribən 50 kv.metr hissəsində tikinti işlərinin apardığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, Rəfail İsmayılov qeyd olunan torpaq sahəsində bünövrəsi betondan, hasarı daşdan ibarət yaşayış evinə bənzər tikili inşa edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılarkən X1 İsmayıllı rayonu Qalacıq kəndində özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,2018 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təqribən 50 kv.metr hissəsində tikinti işlərinin aparması faktı aşkar edilmişdir. Bununla bağlı 07 iyun 2022-ci il MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Rəfail İsmayılov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 22 iyun 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Rəfail İsmayılov hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 22 iyun 2022-ci il tarixli MN № ******* nömrəli qərardan narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini torpağın kateqoriyasının dəyişdirmədiyini, apardığı tikilinin qanuni olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4–cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,2018 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinə bənzər tikili inşa edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, Rəfail İsmayılovun qeyd olunan torpaq sahəsində inşa etdiyi tikili bünövrəsi betondan, hasarı daşdan ibarət fərdi yaşayış evinə bənzər tikilidir. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən 07 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 22 iyun 2022-ci il tarixdə qərar qəbul edilmiş, qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsinə əsasən 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və həmin protokol əsasında X1 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən qanunla müəyyən edilmiş qaydalara əməl edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 252.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri çərçivəsində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X1 şikayəti təmin edilməməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 22 iyun 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 22 iyun 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsinə əsasən 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 22 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar