Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-296/2024 31.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1983-cü il tarixdə İsmayıllı rayonunda olmuş, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, D 2, ev 4-də yaşayan, evli, orta təhsilli, sahibkar, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 31 iyul 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdən İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Halal Kafe” adlı obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, uzun illərdir “Halal Kafe” adlı obyekti işlədir. Obyektin üzərində olan reklamlarla bağlı hər il müqavilə bağlanmış və ödənişlərini etmişdir. Lakin həmin müqavilələrə imza etməmiş və bağlanıb-bağlanmadığını bilməmişdir. O, sadəcə reklam idarəsinin nümayəndəsinə hər dəfə pul vermiş və qalan sənədləşmə işindən xəbəri olmamış, hər hansı sənədə imza etməmişdir. Reklam idarəsindən may ayında ona məktub gəlsə də, həmin məktubu açıb oxumamışdır. Ancaq buna baxmayaraq reklamların bir hissəsini həmin vaxt aradan qaldırmışdır. 02 iyul 2024-cü il tarixdə reklam idarəsinin rəisi həmin obyektə gəlmiş və ondan 26 (iyirmi altı) manat borcunun olduğunu bildirmişdir. O, hazırda üstündə pulunun olmadığını, həmin pulu bir neçə günə ödəyəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs oradan uzaqlaşmış və sonradan ona məlum olmuşdur ki, avtomobilində barəsində protokol tərtib etmişdir. Həmin protokoldan xəbəri olmamış və protokolun surəti ona təqdim edilməmişdir. Bundan başqa həmin reklam ölçülərkən onun iştirakı təmin edilməmişdir. Ümumiyyətlə onun bütün hüquqları pozulmuşdur. Qeyd etdiklərinə əsasən barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən məlum olur ki, Şəxs müqavilə üzrə yaranmış borcu X1 hesabına ödəmişdir. xx.xx.2024-cü il tarixli, 41 nömrəli baxış aktından görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Halal Kafe” obyekti üzərində olan reklama baxış keçirilərkən Şəxs iştirakı təmin olunmamış və akt hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. 02 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokolun surətini Şəxs qəbul etməsindən imtinası qeyd edilmiş, protokolun surətinin ona göndərilməsi barədə 03 iyul 2024-cü il tarixli, 11-3-7/2-702/2024 saylı məktubla ona göndərilmişdir. Lakin həmin məktub iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə baxışı zamanı İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Kafe Halal” adlı obyektdə Şəxs fəaliyyət göstərməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 2023-cü ilin yanvar ayında baş verməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında protokol 02 iyul 2024-cü il tarixində tərtib edilmişdir və həmin protokol qanunvericiliyin aşağıda qeyd edilən 38.1-ci maddəsində nəzərdə tutulmuş dörd aylıq müddət pozulmaqla (ötürülməklə) tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən, həmçinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 48-51, 114 və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq, qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-296/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-296/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver