Məhkəmə qərarları › İş №3(037)-300/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-300/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-300/2021 28.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə İsmayıllı rayonu Tircan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 28 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 26 sentyabr 2021-ci il tarixdə saat 11:30 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 28 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Mirdamət Nəzərli izahatında göstərdi ki, Şəxs 26 sentyabr 2021-ci il tarixdə saat 11:30-da idarə etdiyi “Rance Rover” markalı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs polis əməkdaşlarına etirazını bildirərkən ictimai yerdə ucadan nalayiq ifadələr işlətmişdir. Şəxs rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alındıqdan sonra o, törətdiyi əməli etiraf etmişdir. Ona görə də, Şəxs barəsində müvafiq maddə ilə inzibati xəta haqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu Tircan kəndində yaşayır. 26 sentyabr 2021-ci il tarixdə qardaşına məxsus “Rance Rover” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, İsmayıllı şəhəri, H.Əliyev prospektində polis əməkdaşları ona saxla işarəsi vermişdir. O, avtomobili yolun kənarında saxlamış və polis əməkdaşları ona yaxınlaşaraq avtomobilə aid sənədləri təqdim etməsini tələb etmişdir. Onun həmin avtomobilə etibarnaməsi olmadığı üçün polis əməkdaşları avtomobili rayon polis şöbəsinə aparmaq istədilər. Bu zaman o əsəbi halda ucadan nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində izahatı alınmış və əməlini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verərək ona qanunda nəzərdə tutulan daha yüngül inzibati tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X7 X9 yol patrul xidməti inspektoru X3 göstərdi ki, 26 sentyabr 2021-ci il tarixdə saat 11:30 radələrində yol patrul xidməti inspektoru Rafiq Əzizovla birlikdə İsmayıllı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “Rance Rover” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili təhlükəsizlik kəməri bağlamadan idarə etdiyi üçün ona saxla işarəsi verildi. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və avtomobildə olan qayda pozuntusunu izah etmişdir. Sənədlərə baxış zamanı sürücü Novruzovun avtomobili etibarnamə olmadan idarə etməsi müəyyən olmuşdur. Bu səbəbdən sürücüyə avtomobilin dayanacağa aparılmasını bildirdikdə Şəxs ucadan nalayiq ifadələr işlətdi. Həmin hadisə əhalinin sıx olduğu ərazidə baş vermişdir. Şəxs rayon polis şöbəsinə dəvət olunmuş və izahatı alınarkən o, törətdiyi əməli etiraf etmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X7 X9 yol patrul xidməti inspektoru X5 da şahid X2 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 26 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhəri, H,Əliyev prospektində polis əməkdaşlarını etirazını bildirərkən ucadan nalayiq ifadələr işlətmiş və bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək hesab edir ki, İlham Mahmudov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 100 (bir yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar