Məhkəmə qərarları › İş №3(037)-301/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-301/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-301/2023 06.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu Sulut kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 06 iyul 2023cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 26 may 2023-cü il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu Sulut kəndində yaşadıqları evdə atası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X6 Bölməsinin təhqiqatçısı Şəhriyar Fərəcovun 31 may 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Teymur Şirinov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 06 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ruslan Şirvanov izahatında göstərdi ki, Şəxs 26 may 2023cü il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu Sulut kəndində yaşadıqları evdə atası Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır və bir evdə yaşayırlar. Atası mütəmadi olaraq spirtli içki qəbul edib evdə yersiz söz-söhbətlər yaradır. Sonuncu dəfə 26 may 2023-cü il tarixdə yaşadıqları evdə olarkən atası yenidən evə sərxoş vəziyyətdə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Atası nalayiq ifadələr işlətdiyindən, o, atasına söyüş söyməməsini evdə arvadı və anasının olduğunu deməklə öz iradını bildirmişdir. Atasına yaxınlaşmaq istədikdə atası pəncərədə olan çayniki götürərək başının arxa tərəfindən vurmuşdur. Bundan sonra bir-birilərinə əl-qol atmış və əli ilə atasının cüzi xəsarətlər yetirmişdir. Həmin vaxt anası və arvadı onları sakitləşdirmiş və o, bu barədə polis şöbəsinə şikayət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X4 izahat verərək göstərdi ki, oğlu Sabirlə bir evdə yaşayır. 26 may 2023-cü il tarixdə Sabirlə yaşadıqları evdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sabir onu vuraraq döymüşdür. Hazırda o, Sabiri bağışlamamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X3 271 №-li 30 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sağ bazu və döş qəfəsinin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 26 may 2023-cü il tarixdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İsmayıllı rayon X6 Bölməsinin təhqiqatçısı Şəhriyar Fərəcovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti onların hər biri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin X2 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 26 may 2023-cü il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu Sulut kəndində yaşadıqları evdə atası Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar