Məhkəmə qərarları › İş №3(037)-302/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-302/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-302/2021 13.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1956-cı il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, X2 Təsərrüfatı Mərkəzində təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsində işləyən, İsmayıllı rayonu Qalınçaq kəndində yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə ilə daxil olmuş inzibati xəta haqqında materiala 15 fevral 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 22 sentyabr 2021-ci il tarixdə saat təxminən 07:35 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilməyərək göstərdi ki, 22 sentyabr 2012-ci il tarixdə idarə etdiyi “VAZ 21074” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobillə Xanagah kəndi istiqamətində hərəkətdə olarkən, təxminən saat 08:30 radələrində YPX əməkdaşları tərəfindən saxlanılmış, əməkdaş kamal Hacıyev ona bildirmişdir ki, nəfəsindən spirtli içki qoxusu gəlir, o isə içki qəbul etmədiyini bildirdikdə onu posta dəvət etmişlər. Saat 08:50 radələrində posta gedərək 10 dəqiqəyə həyətdə dayandıqdan sonra saat təxminən 09:00 radələrində Kamal Hacıyev xidməti avtomobili ilə posta gələrək onu içəri dəvət etmiş, yanındaki başqa polis əməkdaşı alkotestr gətirərək ona nəfəs verməyi tələb etmişdir. O, alkotestra nəfəs verdikdən sonra polis əməkdaşı, ilk dəfə alınmadığını yenidən nəfər verməsini bildirmiş, o alkoterstrin ekranında çıxan rəqəmlər onu qane etmədiyindən silmiş və ekranda çek kağızı yoxdur yazıldığını bildirmişdir. Belə olan təqdirdə kənarda dayanan mülki geyimli olan bir şəxsə alkotesteri vermiş və düzəltməsini bildirmişdir. 2-3 dəqiqədən sonra kəmin alkotester geri verilmiş və ona yenidən üçüncü dəfə nəfər verməsi tələb edilmişdir. Nəfəs verildikdən sonra polis əməkdaşı ona 0,326 promil göstərdiyini bildirərək, Kamal Hacıyevin diktəsi ilə izahat alınmış və avtomobilin dayanacağa yerləşdirilməsi ilə bağlı akt tərtib edilmişdir. Sonra polis əməkdaşı ona bu məsələnin həlli üçün 300 manat xərci olduğunu və saat ikiyə qədər onu gözləyəcəklərini, gəlmədiyi təqdirdə sistemə vurulacağını bildirmişlər. Belə olan halda o, avtomobilini idarə edərək işlədiyi yerə gəlmiş və təxminən saat dörd radələrində gizli nömrədən ona zəng gələrək, “ağsaqqal niyə gəlmədin, neyləyək?” bildirmişlər. O isə cavabında yuxarıda allah, aşağıda siz necə istəyirsiniz elə də edin deyə cavab vermişdir. Bundan sonra saat təxminən 16:52 radələrində ona mesaj gələrək 400 manat məbləğində cərimə olunduğunu bildirmişlər. Bildirmək istəyir ki, əgər o 08:50 radələrində posta gəlmişsə və 09:00 radələrində alkotesterlə onun sərxoşluq vəziyyəti müayinə olunmuşdursa, necə olur ki, iş materiallarında olan test çeki 08:28 olaraq, promil göstəricisi isə 4.71 kimi qeyd edilir. Bütün bunların nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İşdə olan 22.09.2021-ci il tarixli İsmayıllı RPŞ-nin DYP şöbəsinə məxsus şəxsin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 642737 saylı alkotestrdən çıxarışdan görünür ki, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərxoşluq promil dərəcəsi 4,177% müəyyən edilmişdir. İşdə olan 22 sentyabr 2021–ci il tarixli İPX ******* saylı inzibati xəta haqqında protokoldan və 29.09.2021-ci il tarixli 16924134-1221 saylı müşayət məktubundan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 331.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Şəxs tərəfindən 22.09.2021-ci il tarixdə yazılmış və onun tərəfindən imzalanmış izahatdan görünür ki, o, 22.09.2021-ci il tarixdə təxminən saat 08:30 radələrində İsmayıllı rayonu, Qalınçaq kəndindən Xanagah kəndinə gedərkən yolda YPX əməkdaşları tərəfindən saxlanıldığını, sənədlərə baxış zamanı ondan spirtli içki qoxusu hiss olunduğunu, onu 715 saylı posta dəvət etdiklərini, orada alkotestr vasitəsi ilə müayinədən keçirildiyini, sərxoşluq miqdarının 0,326.5 % aşkar edildiyini bildirərək, bir daha spirtli içki qəbul edərək avtomaşın idarə etməyəcəyinə söz vermiş və tibbi müayinəyə ehtiyacının olmadığını bildirmişdir. İşdə olan Şəxs tərəfindən 28.09.2021-ci il tarixdə yazılmış və onun tərəfindən imzalanmış izahatdan görünür ki, o, 22.09.2021-ci il tarixdə idarə etdiyi “VAZ 21074” minik markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobili 4-cü tağım əməkdaşı Kamal Hacıyev saxlayaraq barəsində İXM-nin 333.1-ci maddəsi ilə (yəni, guya spirtli içki qəbul edərək) porotokol tərtib etdiyini, onun spirtli içki qəbul etmədiyini və həkim müayinəsindən keçirilmədiyini, protokolla bağlı ziddiyyət yarandığı üçün vəsatətinin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati protokolun baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməsini bildirmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN İV Tağım YPX inspektoru protokol tərtib edərkən və eyni zamanda inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsində:

1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinin nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının: 2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı(köhnə redaksiya) maddəsinə uyğun olaraq protokol tərtib edilir. 2.6. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların: 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. 3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. 3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. 3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Göründüyü kimi, Şəxs alkotesterin nəticəsi ilə razı olmadığını bildirsə də, o tibbi müayinənin keçirilməsi barədə inzibati protokol tərtib edən vəzifəli şəxsə yazılı ərizə təqdim etməmiş və ya şifahi vəsatətlə müraciət etməmiş, əksinə yazdığı izahatda bir daha şərxoş vəziyyətdə avtomobil idarə etməyəcəyinə söz vermiş və əlavə tibbi müayinəyə ehtiyacının olmadığını bildirmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, Şəxs 22.09.2021-ci il tarixdə öz imzası ilə təsdiq edərək yazdığı izahatında alkotesrt vasitəsi ilə müayinədən keçirildiyini, sərxoşluq miqdarının 0,326.5 % aşkar edildiyini qeyd edərək, bir daha spirtli içki qəbul edərək avtomaşın idarə etməyəcəyinə söz vermiş və tibbi müayinəyə ehtiyacının olmadığını bildirərək inzibati xəta törətdiyini etiraf etmiş, bundan 6 gün sonra fərqli məzmunda izahat verərək, spirtli içki qəbul etmədiyini, onun həkim müayinəsindən keçirilmədiyini əsas gətirərək, sözügedən inzibati xətanı törətmədiyini bildirmiş, məhkəmə iclasında bu ziddiyyətli ifadələrin səbəbi soruşulduqda, ümumiyyətlə 22.09.2021-ci il tarixdə onun tərəfindən belə bir izahatın yazılmadığını, başqa şəxs tərəfindən icra edildiyini, imzanın onun olmadığını bildirmiş, belə olan təqdirdə izahatda olan yazıların və imzanın kimə məxsus olmasının aydınlaşdırlması üçün ekspertiza təyin edilməsi barədə məhkəmə tərəfindən Şəxs münasibəti soruşulduqda isə, ekspertiza təyinatına zərurət olmadığını, sözügedən izahatın 22.09.2021-ci il tarixdə məhz onun tərəfindən yazılaraq imza edildiyini, lakin polis əməkdaşı Kamal Hacıyevin təkidi və təzyiqi ilə yazdığını bildirərək ziddiyyətli ifadələr vermişdir. Göstərilənlərə əsasən məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs ifadələrini səmimi qəbul etməyərək, həmin ifadələrin inzibati məsuliyyətdən yayınma məqsədi daşıması kimi qiymətləndirir və hesab edir ki, Şəxs sərxoşluq vəziyyətinin nəticələrinə dair akt (alkotesrt) əsas götürülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törətmiş şəxsin izahatını, ilk dəfə inzibati xəta törətməsini, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02.09.2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxılmasına gəlincə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən sözügedən maddə üzrə inzibati işə baxılması məhkəmənin aidiyyəti olmadığından, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X1 X3 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 48-51, 114, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs оьлу tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X1 X3 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Məhkəmənin hakimi İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar